YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə–Azərbaycan dostluğu–qardaşlığı tariximizin, soykökümüzün əbədiyyət rəmzi

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxışı zamanı səsləndirdiyi: “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük” fikirləri hər bir azərbaycanlının qəlbində xüsusi yer tapdı.

Azərbaycan–Türkiyə birliyi və həmrəyliyi bu gün dünyaya nümunədir. Bu dostluq və qardaşlıq soykökümüzün əbədiyyət rəmzidir. Türkiyə həmişə Azərbaycanla bir olub, bu qardaşlıq daimi olmaqla yanaşı, həm də sarsılmazdır. Artıq həm tarixə qovuşmuş keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə, həm də İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə qardaş ölkə son ana qədər Azərbaycanın yanında olduğunu dünyaya nümayiş etdirmişdir. Bu dostluğun tarixi əhəmiyyətini 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantısında “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır” – fikri ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq reallıqdır.

2020-ci il dekabrın 10-da “Dəmir yumruq” əməliyyatının Qələbə rəmzi olan Zəfər Paradını Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə qəbul etməsi Azərbaycan–Türkiyə dostluğunun daha bir nümunəsi idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi.

Dünyanın tanınmış kütləvi informasiya vasitələrinə müsahibələrində Türkiyənin ölkəmizə mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi. Düşmən Ermənistan üzərində Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. Türk dünyasının birlik və həmrəyliyinin lokomotivi olan hər iki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahəsində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın yeni səhifəsi kimi tarixi əhəmiyyəti ilə seçildi.

Müttəfiqlik Bəyannaməsinin imzalanmasına sevinənlər onu Zəfərimizin davamı, əlamətdar hadisə adlandırırlar “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır” – deyən dövlət başçımız daha sonra bildirdi ki, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsidir.

Postmüharibə dövründə – işğaldan azad edilmiş əraziələrdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakı Ermənistandan səslənən revanşist çağırışlara qətiyyətli cavab oldu. Zəfər yolunun təməlqoyma mərasimində, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsində hər iki dövlətin başçılarının birgə iştirakı o deməkdir ki, Azərbaycana dost-qardaş yardımını əsirgəməyən Türkiyə hazırda dünya siyasətində aktuallığı ilə seçilən və bölgə üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin bərpasında da qətiyyət göstərəcək. Tarixi, strateji maraqlar, regional əhəmiyyəti baxımından diqqətçəkən, sadəcə, kommunikasiyaların keçəcəyi dəhliz deyil, azərbaycanlıların tarixi Vətəni olan Zəngəzur dəhlizinin bərpasında da orta maraqlar baxımından qətiyyət göstərən hər iki qardaş ölkə Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni körpünün inşasında da birgə çalışacaqlar.

Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafı beynəlxalq aləmdə də etiraf olunur. Bu, Azərbaycan–Türkiyə qardaşlığının daimi, əbədi və sarsılmazlığının təsdiqidir.

DİGƏR Xəbərlər Arxiv