YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.

Vətən müharibəsindən sonra Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxış etmələri, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə olması qardaşlığın rəmzi, birliyin təntənəsi idi.

“TEKNOFEST Azərbaycan” festivalında çıxış edən Prezident İlham Əliyev Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı ölkəmizə göstərdiyi yüksək mənəvi və siyasi dəstəkdən danışaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözlərini bir daha xatırlatdı. Təbii ki, qardaş Türkiyə Respublikasının Prezidentinin bu sözləri xalqımız, ölkəmiz üçün əlavə güc mənbəyi oldu. Azərbaycan xalqı heç zaman bunu unutmayacaq. Azərbaycan və Türkiyə arasında olan münasibətlər tarixi Şuşa Bəyannaməsi ilə rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik hər bir sahədə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində özünü göstərir. Ölkələrimiz arasında olan münasibətlər bundan sonra yüksələn xətlə ancaq irəliyə doğru gedəcək. Artıq Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.

“TEKNOFEST Azərbaycan” festivalında çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birliyinin tarixinə diqqət çəkərək 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində xalqlarımızın ortaq mübarizədə bərabər olmasından bəhs etdi. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Azərbaycan və Türkiyə kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlət, iki xalqdır.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi parlaq Zəfərlə həm də tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını bərpa edib. Prezident İlham Əliyevin qətiyyəti, əzmi, siyasi iradəsi ilə qazanılan bu şanlı qələbə türk birliyinin daha da güclənməsi üçün yeni yollar açıb, həmrəyliyimizin daha da güclənməsində mühüm rol oynayıb.