YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan dost İtaliya ilə çoxşaxəli tərəfdaşlığı daha da genişləndirmək əzmindədir

Biz Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və onlara böyük əhəmiyyət veririk. İkitərəfli əlaqələrimizin gündən-günə inkişafı, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın möhkəmlənməsi xüsusi məmnunluq doğurur.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda, həmçinin deyilir: “İqtisadiyyat, ticarət və enerji sahələrindəki uğurlu işbirliyimiz və əldə etdiyimiz nailiyyətlər bizi sevindirir. İtaliya şirkətləri Azərbaycanda geniş fəaliyyət göstərir və münasibətlərimizdə vacib rol oynayır. Hazırda bu əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması işlərində də müvəffəqiyyətlə davam edir”.

Azərbaycanın dost İtaliya ilə çoxşaxəli tərəfdaşlığı xalqlarımızın rifahı naminə daha da genişləndirmək əzmində olduğunu bildirən dövlətimizin başçısı vurğulayıb ki, bu gün qarşılıqlı faydalı fəaliyyətimizin inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. Şübhəsiz, iqtisadiyyat, enerji və digər sahələrdəki mövcud potensialdan, xüsusilə qeyri-neft sektorundakı imkanlardan tam istifadə etməklə əməkdaşlığı yeni məzmunla zənginləşdirmək mümkündür.

“İnanıram ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq əlaqələrimiz istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”, - deyə Prezident İlham Əliyev qeyd edib.