YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər. “TEKNOFEST”in Azərbaycan-Türkiyə münasibətlərinin təqdimatında geniş əhəmiyyəti var.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyil ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış davranış idi. Eyni zamanda bu davranış, bütün dünyaya bir siqnal oldu ki, Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə etməsin.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq vurğulayıb ki, Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-larının ixtiraçısı Selcuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Prezident İlham Əliyev söyləyib: “Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan Selcuk Bayraktar da gənclər üçün gözəl örnəkdir. Əminəm ki, bizim gənclərimiz Selcuk bəy kimi olmağa çalışacaqlar”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıda keçirilən “TEKNOFEST Azərbaycan Aerokosmik və Texnologiya” festivalında çıxış edərək bütün dünyaya önəmli mesajlar vermişdir. O demişdir ki, müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir.