YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilərin Azərbaycanın zəbt olunmuş ərazilərində növbəti hərbi təlimləri regionda gərginliyi artırmağa xidmət edir

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın zəbt olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status-kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən hərbi təlimlərlə bağlı açıqlamasında bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir.
Azərbaycanın zəbt edilmiş ərazilərində Ermənistanın yaratdığı qondarma rejimə may ayında keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də rəsmi Yerevanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir.
ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir.
İşğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.