YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TEXNOFEST” və Azərbaycan-Türkiyə müttəfiqliyi

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Azərbaycanın son illər beynəlxalq tədbirlərin fəal aktoruna çevrilməklə müasir dünyanın ayrılmaz tərkib hissəsi kimi həm beynəlxalq təcrübəni məharətlə mənimsəyir, həm də öz standartlarını təbliğ edir. Ölkə həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılmasında milli Azərbaycan standartları anlayışının təqdim olunması mühüm amildir. Bu vaxtda qədər Bakını müasir dünyanın yeni fikir və düşüncə mərkəzi olduğunu dilə gətirən ekspertlər “TEKNOFEST Azərbaycan” çərçivəsində qazanılan uğurlar sayəsində Azərbaycanı elm və texnologiyaların nümayiş məkanı olduğunu ifadə etməyə başlayıblar.

Bəli, “TEKNOFEST Azərbaycan” çərçivəsində tətbiq edilən yeniliklər milli standartlarımızın formalaşması istiqamətində yeni nümunələr ortaya qoydu. Tərəddüd etmədən deyə bilərik ki, “TEKNOFEST Azərbaycan” mavi səmaların fatehi kimi müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Bu festivalın aşağıda qeyd etdiyimiz iki mühüm cəhətini müşahidə etdik:

– Nümayişlərin yaratdığı, sərgilərdə əks olunan əzəmət;

– Zəkalarda, nəzəriyyələrdə gizlənən ideya və yeniliklərin üzə çıxması!

Gəncliyimizin gücünü, biliyini, elm və tərəqqiyə olan milli münasibətini, Azərbaycanın müdafiə sənayesi sahəsində böyük potensialını, xalqımızın elm və tərəqqiyə müsbət münasibətini nümayiş etdirən "TEKNOFEST Azərbaycan" festivalının ölkəmizə qazandırdığı mühüm faydalı cəhətlərdən biri də məhz Qarabağa Böyük Qayıdışla bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı parlaq Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa prosesi böyük strategiyadır. Yenidənqurma işlərinin müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməsi həm bərpa prosesində, həm də gələcəkdə “ağıllı məkanlar”ın, “ağıllı obyektlər”in idarə edilməsində müasir texnologiyalarla davranmağı bacaran yeni milli nəslə ehtiyac var ki, bunu da elmi tərəqqi ilə qarşılamaq olar.

Beləliklə, “TEKNOFEST nədir, necə yaranıb, dünya birliyinə, müasir elm və tərəqqiyə nələr vəd edir və s.” məzmunlu suallar ətrafında fikir və mülahizələrimizi bölüşmək üçün, ilk növbədə, onun tarixinə və keçdiyi inkişaf yoluna nəzər salaq.

“TEKNOFEST” Aerokosmik və texnologiya festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Ötən festivalların hər biri özündən əvvəlkini yenilikləri ilə arxada qoyub.

Əgər “Dünya və TEKNOFEST” və yaxud “TEKNOFEST və dünya” anlayışlarını təhlil etsək, tərəddüd etmədən birinciversiyanın daha doğru ifadə olduğunu əsaslandıra bilərik. Çünki “TEKNOFEST”in dünyaya deyil, müasir dünyanın “TEKNOFEST”ə ehtiyacı var. “TEKNOFEST” açıq səma ulduzu olduğu üçün bütün ölkələrə və xalqlara, bütün insanlara, bəşəriyyətə, sözün hər mənasında, açıqdır.

Mayın 29-da "TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimində "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib ki, növbəti "TEKNOFEST" avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək. Qara dənizin sahil bölgələri hazırda Türkiyənin ən sürətlə inkişaf edən rayonlarıdır. Bu bölgədən “Ümid” körpüsünə uzanan əzəmətli yolun o biri başında isə hazırda Avrasiyanın ən mötəbər məkanlarında müzakirə olunan Zəngəzur dəhlizi dayanır. Zəngəzur dəhlizinin açılması isə tarixi Qarabağ Zəfərinin yaratdığı geosiyasi reallıqdır!

DİGƏR Xəbərlər Arxiv