YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin, qazilərinin, eyni zamanda, aztəminatlı ailələrin uşaqları üçün 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bugünkü günün özünəməxsusluğundan, fərqliliyindən bəhs edib: “Hazırkı tədbirin iştirakçılarının məhz gələcəyimiz olan uşaqların olması hamımıza tamamilə fərqli əhval-ruhiyyə, xoş ovqat bəxş edib. Bu balaca fidanlar Azərbaycanımızın ümidi, gələcəyidirlər. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunublar”.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin, Ümummilli Liderin  ideyalarını əməli fəaliyyəti ilə yaşadan, bu irsin təbliği məqsədilə  yaradılan  Heydər Əliyev Fondunun uşaqlara diqqət və qayğısını özündə əks etdirən addımlarından, uğurla icra edilən layihələrdən, imzalanan Fərman və sərəncamlardan, qəbul olunan Dövlət proqramlarından danışıb: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  ölkəmizdə  uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu ili “Uşaq İli” elan edilməsi də onlara qayğının dövlət siyasətinin əsasında dayandığını nümayiş etdirir. Bu gün məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə yaradılan nümunəvi şərait bunu bir daha sübut edir. Uşaqların hərtərəfli inkişafı üçün zəruri olan bütün addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara diqqət və qayğı xüsusi yer tutur. Fond ən əsası xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum olmuş uşaqların ən böyük himayədarı olaraq biri-birindən mühüm layihələrin uğurlu icrasını həyata keçirir.  Müasir körpələr evi-uşaq bağçalarının yenidən qurulması, tikilib istifadəyə verilməsi də bunun əyani təsdiqidir. Qeyd edək ki, yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, bu işə Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr bu gün ölkəmizin hüdudlarını aşaraq beynəlxalq humanitar təşəbbüsə çevrilmişdir. Bütün bunlar Azərbaycanın gələcəyi, sabahın gəncləri hesab olunan körpə balalarımızın, uşaqlarımızın hərtərəfli inkişafı, müasir beynəlxalq standartların tələblərinə cavab verən təhsil, səhiyyə xidmətləri ilə təmin olunması yönəlib”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın uşaqlara qayğılarından və bunu əməli fəaliyyətləri ilə təsdiqləmələrindən bəhs edib.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağızadə qeyd edib ki, dövlət tərəfindən gələcəyimiz olan uşaqların fiziki və mənəvi tərbiyəsinə, onların inkişafına göstərilən diqqəti hər bir Azərbaycan vətəndaşı hiss edir. Respublikada tikilib istifadəyə verilən idman mərkəzləri, maddi-texniki bazası yenilənmiş, müasir avadanlıqlarla təmin olunmuş təhsil mərkəzləri, bir sözlə, müasir tələblərə cavab verən müəssisələr dediklərimizə əyani sübutdur. 

Sonra Vətən müharibəsi şəhidlərinin, qazilərinin, eyni zamanda, aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.