YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığı yeni zirvələr fəth edir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Bu gün birgə və qarşılıqlı səylər, sarsılmaz iradə əsasında inkişaf etdirilən Azərbaycan-Türkiyə əlaqələri tarixən qədim köklərə ən ənənələrə malikdir. İki qardaş ölkə zamanın ağır sınaqlarından alnıaçıq çıxmış, dövrün çətinliklərinə çiyin-çiyinə sinə gərmişlər. Ümumiyyətlə, qeyd edək ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu ölkələrin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm tövhələr verməkdədir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərindən biri məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir.

Müasir dövrdə 1992-ci il may ayının 28-də ulu öndər Heydər Əliyevin yorulmaz və qətiyyətli səyi nəticəsində Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində  “Ümid” körpüsünün istifadəyə verilməsiAzərbaycan-Türkiyə əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində taleyüklü addım olmuşdur. Bu körpü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda Türk dünyasını birləşdirən körpü kimi mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev ölkəmizin dünya birliinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumilikdə ölkəmizin siyasi-iqtisadi, mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüusi əhəmiyyət verərək bu istiqamətdəki siyasi kursin yüksələn xətt üzrə inkişafını təmin etmişdir. Təsadüfi deyil ki, XX əsrin əvvələrində Türkiyə Cumhuriyyətinin prezidenti Mustafa Kemal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” deməsi XX əsrin sonunda isə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” milli konsepsiyası ilə səsləşərək Azərbaycan-Türkiyə əlaqələrinin dərin köklərə malik olmasını sübut edir.

Azərbaycan-Türkiyə əlaqələrinin yeni müstəvidə inkişafına ulu öndər Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyev müstəsna diqqət ayırmışdır. Dünyada tayı-bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində cənab Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Fərəh və iftixar hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyini dövlətimiz və xalqımız yüksək qiymətləndirməklə heç vaxt unutmayacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin 15 İyun-Milli Qurtuluş Günündə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə bu yaxınlığın, birliyin, doğmalığın, dostluğun və qardaşlığın yeni - qızıl dövrü başladı. Bu mühüm tarixi sənəd iki qardaş dövlətin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və qlobal rolunu, çəkisini daha da artıracaq.

Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafının spesifik xüsusiyyətlərini biz cari ilin may ayının 26-29-da baş tutumuş “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında müşahidə etdik. Qeyd edək ki, bu festival təkcə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsinə deyil, həm də regionun və bütün türk dünyasının əlaqələrinin möhkəmləndirilməsinə və gələcək inkişafına zəmin yaradacaqdır.

"TEKNOFEST Azərbaycan" fesvitalı bir daha dünyaya iki qardaşın birliyinin əbədi və əzəli olduğunu nümayiş etdirdi. Mərasimdə iştirak edən cənab Prezident İlham Əliyev bəyan etdi ki: "Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir". Festival Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı. Hazırkı dövrdə elmin, yeni texnologiyaların, yeni ideyaların ölkələrin inkişafında rolunu nəzərə alsaq, hər bir yeniliyə açıq olan iki qardaş ölkənin gənclərin inkişafına göstərdikləri diqqət təqdir olunmalıdır. Bu festival xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir. Bu gün dünya ölkələri arasında çox ciddi bir etimadsızlıq böhranı yaşanır. Belə bir vəziyyətdə Azərbaycan-Türkiyə strateji dostluğu, strateji tərəfdaşlıq münasibətləri dünya ölkələrinə bir model, örnəkdir. "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalı çərçivəsində Azərbaycan və Türkiyə şahinlərinin mavi səmadan dünyaya ünvanladıqları sülh mesajları da bu siyasətin tərkib hissəsi oldu.

Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.