YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə-Azərbaycan münasibətləri möhkəm təmələ əsaslanır və bu gün müxtəlif səviyyələrdə yüksələn xətlə inkişaf edir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Türkiyə-Azərbaycan münasibətləri möhkəm təmələ əsaslanır və bu gün müxtəlif səviyyələrdə yüksələn xətlə inkişaf edir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərirlər. Bu gün Azərbaycan və Türkiyə arasındakı tərəfdaşlıq təbii ki, dünyanın bir çox ölkələri tərəfindən böyük qısqanclıqla qarşılanır. Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya örnəkdir. Qardaş Türkiyə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması üçün milli mübarizəsinin uğurla nəticələnməsində, möhtəşəm tarixi qələbəsinin təmin edilməsində mənəvi-siyasi dəstəyinin müstəsna əhəmiyyəti vardır. Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsidir. Müharibənin başladığı gündən etibarən başda qardaş ölkə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi, həm reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. İki dost, qardaş ölkənin münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər də əhəmiyyətli rol oynayır.

Belə tarixi səfərlərdən biri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də - Müstəqillik Günündə ölkəmizə səfəri və Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməsidir. Bu möhtəşəm festival qardaşlıq və müttəfiqlik münasibətinin daha bir simvoludur. Dünya ictimaiyyəti növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin “TEKNOFEST Azərbaycan” festivalı zamanı “...Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır” fikirləri bir daha təsdiqləyir ki, “bir millət iki dövlət” vəhdətini heç bir kənar qüvvə poza bilməz.

Bu gün respublikamızın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərinin möhkəmləndirilib daha da genişləndirilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən iki qardaş ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, hərbi, bir sözlə, bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı-faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın sürətlənməsində vacib rola malikdir.

Bu gün Azərbaycanla Türkiyəni təkcə ortaq mənəvi və milli dəyərlər birləşdirmir. Bizi həm də siyasi mahiyyət daşıyan ortaq iqtisadi layihələr, qarşıya qoyulan eyni hədəflər və müştərək siyasi maraqlar birləşdirir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, eyni zamanda ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər dünya miqyasında bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Bütün bunlar onu göstərir ki, sarsılmaz olan Azərbaycan-Türkiyə müttəfiqliyinin və birliyinin böyük gələcəyi var.