YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hesabatlılığa yüksək dəyər

Vahid Novruzov

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor

Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Cozef Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktub bir daha ölkəmizin nəinki regionda, hətta dünya çapında Prezident İlham Əliyevin uzaqgörən və cəsarətli, beynəlxalq və milli dəyərləri üzvi surətdə uzlaşdıran, ölkəmizin nüfuzlu, etibarlı və sadiq bir tərəfdaş kimi qəbul edilməsinə zəmin yaradan çoxşaxəli və çoxvektorlu daxili və xarici siyasətinin nəticəsində dünyanın aparıcı ölkə liderləri tərəfindən etiraf əlaməti kimi yüksək dəyərləndirilməlidir.

Maraqlıdır ki, ABŞ Prezidenti tərəfindən alqışlanan addımlar sırasında qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi istiqamətində əldə edilən uğurlar ilk dəfədir ki, belə açıq və birmənalı şəkildə göstərilir. Bu, digər sahələrdə olduğu kimi hesabatlılığın möhkəmləndirilməsi və şəffaflığın artırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında son dövrlərdə uğurla reallaşdırılan siyasətin, güclü siyasi iradənin və qanunun aliliyinə sədaqətin, sosial müdafiə, vətəndaş həmrəyliyinin zəruriliyinin hamı tərəfindən dərk edilməsinin məhsulu kimi qəbul olunmalıdır.

Bir məsələ də xüsusi vurğulanmalıdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin şəffaflıq və hesabatlılıq sahəsində görülən işlərin iqtisadi-maliyyə tərəfləri ilə yanaşı, siyasi və strateji hesabatlılığa mühüm əhəmiyyət verməsi, atılan bütün addımların ölkə vətəndaşlarına şəffaf və operativ çatdırılması da xarici müşahidəçilər tərəfindən dəyərləndirilir.

Kölgə iqtisadiyyatının azaldılmasının əsası kimi hesabatlılığın möhkəmləndirilməsi zərurəti möhtərəm Prezidentimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Bunun üçün uçot, hesabatlılıq və nəzarət sahəsində mövcud problemlər beynəlxalq təcrübə nəzərə alınmaqla sistemli şəkildə həll edilməkdədir.

Son vaxtlarda hesabatlılığın və şəffaflığın artırılmasına yönəlmiş müddəaların Vergi Məcəlləsində və “Mühasibat uçotu haqqında” Qanunda əks etdirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, bütün dövrlərdə iqtisadiyyatın səmərəli idarə edilməsinin əsasını hesabatlarda əks olunan informasiyalar təşkil etmişdir. Bu baxımdan hesabatlılığın təkmilliyinin, düzgün və obyektiv tərtib edilməsinin, vaxtlı-vaxtında təqdimatının və əlçatan olmasının rolu çox mühümdür.

Ümid etmək olar ki, iqtisadiyyatımızda mövcud olan problemlər hesabatlılıq və şəffaflığın daha da yüksəldilməsi zəminində öz həllini tapacaqdır ki, bu da öz növbəsində ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə və beynəlxalq nüfuzunun artırılmasına rəvac verəcək.

DİGƏR Xəbərlər Arxiv