YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə və Azərbaycan bir millətin övladları kimi daima birlikdə olacaqlarını bir daha bütün dünyaya nümayiş etdirdilər

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında birgə iştirakları, həmçinin paytaxtda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında birgə iştirakları əsl qardaşlıq nümunəsi kimi dünyaya təqdim edildi. Bu möhtəşəm tədbir eyni zamanda ölkələrimizin və xalqlarımızın gələcək inkişafını təmin edəcək etibarlı bazanın formalaşdırılması baxımından da böyük əhəmiyyət kəsb edir. “Teknofest Azərbaycan”ın daha bir özəlliyi də bu oldu ki, bu tədbirdə gənc nəslin ölkələrimiz arasında olan qardaşlığa hansı töhfələr verə biləcəyi də aydın şəkildə öz təzahürünü tapdı. Mahiyyət etibarı ilə bu festivalın əsasında duran əsas ideya özündə müstəqillik, qardaşlıq, elm və müasirlik kimi vacib amilləri ehtiva edir. Bu isə əminliklə onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə dostluğunun gələcəyi daha möhtəşəm və parlaq olacaq. Müasir dünya yeni texnologiyalar, öz dövrünü qabaqlamağa qadir olan yenilikçi ideyalar üzərində təkamül edir. Bu gün həm Azərbaycanın, həm də Türkiyənin bu qabaqcıl yenilikləri uğurla tətbiq etməkdə qərarlı və bacarıqlı olmaları artıq heç kəsdə şübhə doğura bilməz. O cümlədən Azərbaycanın apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi də müasir texnologiyaların ağıl və cəsarətlə bir araya gəldiyi zaman əldə edilə bilməyəcək heç bir nəticənin olmadığını bütün dünyaya göstərdi. Məhz bu səbəbdən də ölkələrimizin texnologiyalar sahəsində dayanıqlı inkişafı hazırda bütün dünyanın diqqətini cəlb edir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Həqiqətən də Azərbaycan xalqı üçün son dərəcə önəmli olan bir gündə, 28 May-Müstəqillik Günündə Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə olmaları hər iki ölkənin parlaq gələcəyinin ən böyük təminatıdır. Məlumdur ki, məhz tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə və Azərbaycan münasibətləri artıq rəsmi olaraq müttəfiqlik zirvəsinə ucaldı. Belə ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Bəyannamə ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin daha bir nümayişi olmaqla, eyni zamanda da hər iki dövlətin Cənubi Qafqazda gedən proseslərdə rolu və nüfuzunun yüksəlişini şərtləndirən bir tarixi sənəddir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edir. Öz növbəsində yeni, daha yüksək mərhələyə keçid alan əməkdaşlıq əlaqələri hər iki qardaş ölkənin Cənubi Qafqazda rolunun və nüfuzunun artmasına səbəb oldu. Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarını birləşdirdi. Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq etmiş oldu. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Möhtərəm dövlət başçımızın da öz çıxışında dediyi kimi, bu, tarixi nailiyyətdir. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Bu gün artıq iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi öz nəticələrini verir. Bu isə, birmənalı olaraq, bütün Türk dünyasının maraqlarına cavab verən və regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran çox vacib bir məqamdır.

DİGƏR Xəbərlər Arxiv