YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TEKNOFEST Azərbaycan” Azərbaycan və Türkiyə birliyinin, qardaşlığının növbəti əyani təcəssümüdür

Cavid Osmanov

Milli Məclisin deputatı

Mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalı Azərbaycan və Türkiyə birliyinin, qardaşlığının növbəti əyani təcəssümüdür. “TEKNOFEST Azərbaycan” festivalında çıxış edərkən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığından bəhs edərək, ölkələrimizin hər zaman, istər yaxşı günlərdə, istərsə də çətin günlərdə bir-birinin yanında olduğunu qeyd etdi.

Azərbaycan xalqı yüz dörd il öncə müsəlman aləmində ilk Xalq Cümhuriyyətini qurmuş bir xalqdır. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır. Bu 30 ildə isə qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Xalqlarımız qardaş xalqılardır və bu gün ölkələrimiz arasında mövcud olan münasibətlər özünün ən ali zirvəsindədir. Azərbaycan və Türkiyənin bir yerdə olması, birgə addımlaması bölgədə sülh və barışın möhkəmlənməsinə xidmət edir.

Cənab Prezident İlham Əliyev çıxışında Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı ölkəmizə göstərdiyi yüksək mənəvi və siyasi dəstəkdən danışaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözlərini bir daha xatırlatdı. Təbii ki, qardaş Türkiyə Respublikasının Prezidentinin bu sözləri xalqımız, ölkəmiz üçün əlavə güc mənbəyi oldu. Azərbaycan xalqı heç zaman bunu unutmayacaq. 

Ölkəmiz 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra Bakıda keçirilən Zəfər paradında da bütün dünya Azərbaycan-Türkiyə birliyinin şahidi oldu. Bu, iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinin və birliyin təntənəsi idi. Tarixə nəzər yetirdikdə də görmək olur ki, ölkələrimiz ən önəmli anlarda bir yerdə olublar. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda da Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. 

Azərbaycan və Türkiyə arasında olan münasibətlər tarixi Şuşa Bəyannaməsi ilə rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində özünü göstərir. Ölkələrimiz arasında olan münasibətlər bundan sonra yüksələn xətlə ancaq irəliyə doğru gedəcək. Artıq Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürdür. Təbii ki, müttəfiqlərini də özü seçir. Cənab Prezident İlham Əliyevin özünün də qeyd etdiyi kimi Azərbaycan xalqının və dövlətinin milli maraqları müdafiə olunmalı və Azərbaycan hər zaman müstəqil siyasət aparmalıdır. Göründüyü kimi bu, dövlət siyasətinin mütləq prioritetləridir.

“TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş  məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmalarını əlamətdar hadisə olaraq qiymətləndirdi.  Əziz Səncər və Selçuk Bayraktarı gənclər üçün gözəl örnək, nümunə olaraq göstərən ölkə başçısı yetişən gənc nəslin bu şəxslər kimi vətənpərvər olmağa çalışacağına öz əminliyini də bildirdi.

“TEKNOFEST Azərbaycan” festivalında çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab  Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birliyinin tarixinə diqqət çəkərək 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində xalqlarımızın ortaq mübarizəmizdə bərabər olmasından bəhs etdi. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Azərbaycan və Türkiyə kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlət, iki xalqdır. 

Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir, deyə vurğulayan cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Silahlı Qüvvələrinin igid mənsublarının Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atdıqlarına diqqət çəkdi. Qardaş ölkənin başçısı Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışaraq bir sıra önəmli mesajlar da verdi. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir. Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəf dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir.