YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda günəş enerjisinin istehsalı üzrə beynəlxalq konfrans keçirilir

Aprelin 16-da Bakıda Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) rəsmi dəstəyi və “IBCentre” şirkətinin təşkilatçılığı ilə CISOLAR-2015 “Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada Günəş Enerjisi Sənayesinin İnkişafı” 4-cü beynəlxalq konfrans və ixtisaslaşmış sərgi keçirilir.
Konfransın açılışında çıxış edən “IBCentre” şirkətinin direktoru Vitali Daviy tədbirin alternativ və bərpa olunan enerji mənbələri sahəsində əldə olunan nailiyyətlərin nümayişinin, qarşılıqlı fikir mübadiləsinin aparılması üçün vacib platforma olacağına əminliyini bildirib.
ABOEMDA-nın sədri Akim Bədəlov konfransın birinci sessiyasında çıxış edərək Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadədə qazanılan uğurlardan, respublikamızdakı alternativ və bərpa olunan enerji mənbələri hesabına həyata keçirilən layihələrdən danışıb.
Bildirilib ki, Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən Dövlət Agentliyinin yaradılması haqqında Fərman imzalanıb. Agentlik alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, həmçinin alternativ və bərpa olunan enerji sahəsinin inkişafını və infrastrukturun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır.
Sessiyada “Energy Watch Group”un prezidenti Hans Jozef Fel, Gürcüstanın Energetika Nazirliyinin nümayəndəsi Liza Tavdumadze və başqaları çıxış edərək bərpa olunan enerji mənbələrinin inkişafının əhəmiyyətindən, bu sahənin potensialının prioritetlərindən danışıblar.
ABOEMDA-nın sədr müavini Cəmil Məlikov isə bildirib ki, 2000-ci ildən bu vaxtadək Azərbaycanda bərpa olunan enerji sahəsinə 800 milyon manata yaxın vəsait sərf olunub. 2014-cü ildə isə respublikamızda alternativ və bərpa olunan enerji sahəsinə qoyulan investisiya 63,6 milyon manat təşkil edib.
Konfrans öz işini sessiyalarla davam etdirib.
Region üçün əlamətdar sayılan tədbirdə Şərqi Avropanın, Cənubi Qafqazın və Mərkəzi Asiyanın alternativ və bərpa olunan enerji mənbələri, xüsusilə günəş energetikası sahəsi üzrə aparıcı mütəxəssisləri, şirkət və təşkilat rəhbərləri iştirak edirlər. Sərgidə isə iştirakçı ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən təşkilatlarının, şirkətlərinin günəş enerjisi texnologiyaları üzrə elmi və texnoloji nailiyyətləri nümayiş olunur.
CISOLAR-2015 “Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada Günəş Enerjisi Sənayesinin İnkişafı” 4-cü beynəlxalq konfrans və ixtisaslaşmış sərgisi aprelin 18-dək davam edəcək.