YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Aprelin 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, alimlər, KİV təmsilçiləri iştirak edirlər.
Konfransın plenar iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, İslam dini ilə bağlı dəyərlər Azərbaycan xalqının da milli mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edir. Mədəniyyətimizin tarixi keçmişi və bu günü həmin dəyərlərlə bilavasitə bağlıdır. Bu dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. İslam dininin tolerant yanaşmalarının nəticəsidir ki, Azərbaycan Respublikası müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunədir. Hazırki mərhələdə ümumbəşəri ideyalarla səsləşən İslam dini ilə bağlı dəyərlərin, həmçinin ölkədə bərqərar edilən milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlətimizin qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Bütün bunlara görə də, “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransın keçirilməsi ictimai-siyasi cəhətdən olduğu kimi, elmi-nəzəri baxımdan da təqdirəlayiqdir.
Bildirilib ki, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər. Akademik A.Əlizadə bu baxımdan tədbirin xüsusi əhəmiyyətini vurğulayıb, konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub.
Plenar iclasdan sonra konfrans işini üç bölmədə iclaslarla davam etdirəcək.
“Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti”, “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu”, “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı” bölmələri üzrə Azərbaycan, rus, ingilis və ərəb dillərində məruzələr dinləniləcək.
Konfrans aprelin 17-də başa çatacaq.