YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub

Yevlax rayonunun Qaramanlı kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidənin açılışı olub.

Açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun, Gənclər və İdman idarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin, Yevlax Uşaq Gənclər İdman Şahmat Məktəbinin məsul işçiləri, şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə abidə önünə gül-çiçək dəstələri düzülüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsi ehtiramla yad edilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının şöbə müdiri Xaliq Əliyev Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən danışıb. 

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi vurğulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun əməkdaşı Mirtaleh İsmayılzadə çıxışlarında şanlı Zəfər tarixini yazan Vətən oğullarının Azərbaycan xalqının qəlbində hər zaman yaşayacağını bildiriblər.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.