YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

28 May – Müstəqillik Günü münasibətilə Vyanada Lixtenşteyn sarayında klassik konsert və rəsmi qəbul təşkil edilib

Mayın 23-də Vyanada yerləşən Lixtenşteyn sarayında 28 May – Müstəqillik Günü münasibətilə klassik konsert və rəsmi qəbul keçirilib.

Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanın Avstriyadakı fəxri konsulları, Avstriya işgüzar dairələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli 104 il əvvəl İstiqlal Bəyannaməsi ilə müstəqilliyi elan olunan və müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb. Bildirilib ki, qısa ömür sürsə də, Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, bütün regionun tarixində mühüm iz qoyub. Onun siyasəti bir çox cəhətdən öz dövrünə görə qabaqcıl xarakterə malik idi, belə ki, bütün müsəlman Şərqində ilk parlament qurulmuşdu və cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, parlament tərəfindən 230-a yaxın son dərəcə mühüm qanun və fərman qəbul edilmişdi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq respublikanın bütün vətəndaşlarına səsvermə hüququ verilmiş, qadınlara seçki hüququ tanıyan qanun Azərbaycanı bu sahədə dünyada ilk dövlətlərdən birinə və bir çox Avropa ölkələrini qabaqlayan ölkəyə çevirmişdi. Eyni zamanda, Azərbaycan dilinin rəsmi dil elan edilməsi, üçrəngli dövlət bayrağının və himninin qəbulu, müasir teatr və opera teatrının yaradılması, milli Azərbaycan valyutasının dövriyyəyə buraxılması dövlət quruculuğu prosesində mühüm mərhələlər olmuşdu.

R. Sadıqbəyli bildirib ki, bu gün Azərbaycan Respublikası müstəqil, suveren və demokratik ölkə kimi Azərbaycan Xalq Cümhuriyyətinin istək və ideallarını reallığa çevirir. Dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik ənənələrindən istifadə edərək, bu tarixi irs əsasında müstəqil Azərbaycan dövlətini qurub və son üç onillikdə Azərbaycan öz inkişaf yolunda böyük irəliləyiş əldə edib. Bu gün Azərbaycan çoxşaxəli iqtisadiyyatı və canlı siyasi sistemi ilə tarixində heç vaxt olmadığı qədər güclüdür. Bugünkü Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz milli maraqlarına əsaslanan müstəqil daxili və xarici siyasət yeridir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə etibarlı və hörmətli tərəfdaşa çevrilməsinə şərait yaratmışdır. Həqiqətən də, bir vaxtlar ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir!”

Bildirilib ki, Azərbaycan bu gün bir sıra enerji, nəqliyyat, İKT və digər layihələrin təşəbbüskarıdır, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bu gün Cənubi Qafqazın ümumdaxili məhsulunun 80 faizi Azərbaycanın payına düşür, Azərbaycan şirkətləri bir sıra qonşu ölkələrdə ən böyük sərmayəçi və vergi ödəyiciləridirlər.

Səfir diqqətə çatdırıb ki, bu günü 2020-ci ildə təxminən 30 illik münaqişəyə son qoyan və Azərbaycanın pozulmuş ərazi bütövlüyünü bərpa edən 44 günlük Vətən müharibəsindən sonra qürurla qeyd edirik. 28 ildən sonra ilk dəfə olaraq davamlı sülhə nail olmaq mümkündür. Azərbaycan hökuməti artıq işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və reabilitasiyasını həyata keçirir, münaqişənin nəticələrini aradan qaldıracaq, o cümlədən məcburi köçkünlərin öz evlərinə və icmalarına qaytarılmasına, regionda sülhün möhkəmləndirilməsinə və əməkdaşlığın təşviqinə töhfə verəcək əməli addımlar atır.

Çıxışda bu il 30 illiyi qeyd edilən Avstriya-Azərbaycan diplomatik əlaqələrinə toxunulub, iqtisadi, ticarət, elmi-texniki, turizm, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi diqqətə çatdırılıb.

Sonra Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Vyana Kamera Orkestri klassik musiqi proqramı ilə çıxış edib. Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramında Mərziyyə Hüseynova (sopran) və Orxan Cəlilovun (bariton), eləcə də Fərid Feyzullayevin (skripka) ifaları böyük maraqla qarşılanıb. Konsertdə bu il 100 illiyi qeyd olunan görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərlərinə geniş yer verilib.

Konsertdən sonra tədbir iştirakçılarına ziyafət verilib.

DİGƏR Xəbərlər Arxiv