YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Brüssel görüşləri postmünaqişə dövründə Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatıdır

“Tarixi Zəfərimizin yaratdığı reallıqların qəbulu istiqamətində atılan addımlar Azərbaycanın qalib ölkə kimi möhkəmlənən mövqeyinə işıq salır. Belə ki, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini qeyd edən dünya gücləri bunun üçün dəstəklərini göstərməyə hazır olduqlarını bildirirlər. Ötən il Moskva və Soçi görüşlərinin ardınca reallaşan Brüssel görüşü sülh gündəliyinin  formalaşması ilə yadda qaldı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüsel görüşlərinin davamlılığı qurumun vasitəçilik səylərini artırmaq istəyini nümayiş etdirir. Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca üçüncü üçtərəfli görüşü baş tutdu. Hər bir görüş qarşıya qoyulan məqsədə nail olmaqda öz sözünü deyir. Bu baxımdan digər görüşlər kimi üçüncü Brüssel görüşü də müzakirə olunan məsələlərin əhatəliliyi və yekun nəticə baxımından diqqətçəkəndir. Müzakirələrdə əsas məqamlardan biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi oldu. Artıq dünya gücləri postmünaqişə dövrünün reallıqarını qəbul edir, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması fonunda regionda yeni reallıqların həyata keçirilməsində maraqlıdırlar. Bugünün əsas məsələsi sülh müqaviləsinin imzalanması, gələcəyə doğru addımların atılmasıdır. Bu addımlar öz növbəsində bölgədə etimad mühitinin yaradılmasına öz müsbət təsirini göstərəcək.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 22 may tarixində keçirilən üçtərəfli görüşün yekunu ilə bağlı mətbuata açıqlamasında yer alan məqamlardan biri indiki halda yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və hüquq məsələləri oldu: “Azərbaycan tolerant ölkədir. Müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə mehriban dostluq və qardaşlıq şəraitində yaşayırlar. Ermənilər də bütün digər etnoslar kimi eyni bərabər hüquqlara malikdirlər. Bu, Azərbaycanın prinsipial mövqeyidir. Azərbaycandan fərqli olaraq Ermənistan monoetnik ölkədir, orada ermənilərdən başqa heç kim yoxdur. Artıq bu faktın özü hazırkı mərhələdə bir çox məqamlara aydınlıq gətirir.”

“Dövlət başçısı İlham Əliyevin  istər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə keçirdiyi təkbətək görüşdə, istərsə də  üçtərəfli görüşün nəticələrində işğaldan azad edilmiş ərazilərimizin  minalardan təmizlənməsi prosesi və itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər əsas  müzakirə mövzularından oldu” söyləyən millət vəkili vurğulayıb ki,  torpaqlarımızda bərpa-quruculuq işlərinə mane olan əsas amil  minalardan təmizlənmə prosesinin çox vaxt  tələb etməsidir: “Azərbaycan tərəfi  beynəlxalq hüquq çərçivəsində dəfələrlə işğalçı Ermənistandan həmin ərazilərin  mina xəritələrini tələb etdi. Ermənistan rəhbərliyi öncə belə xəritələrin onlarda olmamasını iddia etsə də Azərbaycan dövlətinin ciddi səyləri nəticəsində təqdim etmək məcburiyyətində qaldı. Amma  həmin xəritələrin  dəqiqlik göstəricisi 25 faizə yaxındır. Hər addımında tarixi Zəfərimizi həzm edə bilmədiyini qabarıq şəkildə büruzə verən Ermənistan  ölkəmizin hansı imkanlara malik olduğunu yaxşı bilir. İlyarımdır işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir. Azərbaycan bütün işləri öz maliyyə imkanları hesabına görür. Çox böyük vəsait tələb edən minaların təmizlənməsi prosesi də ölkəmizin maliyyə imkanlarının təqdimatında mühüm rol oynayır. İşğalçı Ermənistan heç bir halda  beynəlxalq hüququ nəzərə almadığı, bu prinsipləri kobud şəkildə pozduğu halda hansısa  sanksiya ilə üzləşmədiyi üçün  mina xəritələri ilə yanaşı,  4000-ə qədər soydaşımızın Birinci Qarabağ müharibəsində taleyi ilə bağlı məsələdə də  Azərbaycana açıqlama vermək istəmir.”

Malik Həsənov qeyd edib ki, 6 aprel görüşündə olduğu kimi, bu görüşün də  nəticəsində yer alan əsas məqamlardan biri budur ki,  sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Diqqəti Prezident İlham Əliyevin 23 may 2022-ci il tarixli “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncamına yönəldən millət vəkili bildirib ki,  Azərbaycan istər 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda, eyni zamanda,  digər görüşlərin yekun  sənədində əksini tapan hər bir öhdəliyi uğurla yerinə yetirərək  regionda dayanıqlı  sabitliyə və təhlükəsizliyə nail olmaq istəyini təsdiqləyir. Təbii ki, Ermənistan da bu öhdəliklərə əməl etməlidir ki, sülh müqaviləsinin imzalanması reallaşsın.  

Malik Həsənov üçüncü Brüssel görüşünü də Azərbaycanın qələbəsi kimi dəyərləndirib: “Müzakirə olunan bütün məsələlərdə Azərbaycanın mövqeyi dəstəklənir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərini artıran Avropa İttifaqının vasitəçiliyi ədaləti və beynəlxalq hüququ özündə ehtiva edir.”