YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Litva arasında qarşılıqlı əməkdaşlıq uğurla inkişaf edir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Bu gün Azərbaycanın Dünya ölkələri, o cümlədən də Avropa birliyinə daxil olan ölkələr arasında qarşılıqlı əməkdaşlığı uğurla inkişaf edir. Bu baxımdan mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafına bariz nümunədir. Dövlət başçıları arasında keçirilən görüş, aparılan müzakirələr və imzalanmış sənədlər qarşılıqlı əlaqələrin daha da inkişafı və genişlənməsi istiqamətində böyük potensialın olduğunun göstəricisidir. Qeyd etmək lazımdır ki, dövlət başçılarının mətbuata bəyanatla çıxışı, həmçinin Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Litva biznes forumu zamanı Prezident İlham Əliyevin Azərbaycan və Litvanın uzun illərdir strateji tərəfdaş olduğundan, bu baxımdan ölkələrimiz arasında Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin imzalandığından, bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələrin və dialoqun mövcudluğundan, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasından, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlardan, davamlı sülh müqaviləsinin imzalanmasından bəhs etməsi bunu bir daha isbat edir.

Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamlarının ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafında olduqca maraqlı olmaları baxımından mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, iqtisadiyyat, ticarət, investisiya və diğər sahələrlə bağlı məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, fəal qarşılıqlı əlaqələrin qurulması üçün yaxşı fürsət oldu.

İndi Azərbaycan ərazilərinin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzə olduğunu göz önünə alsaq Azərbaycanda biznes mühitinin investorlar üçün əlverişliliyini, xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsinin vacibliyini qeyd etməliyik. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında respublikamızda əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilənin imzalanması respublikamızda əlverişli investisiya mühitinin mövcudluğunun göstəricisidir.

Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Doğrudur, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi dövlətimiz üçün əsas  prioritetdir, lakin yenə də enerji sektoru bizim iqtisadiyyatda aparıcı rola malikdir və xüsusilə biz indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemini yekunlaşdırmışıq ki, bu da Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir.

Forumda çıxışı zamanı möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz bu gün Azərbaycanın öz enerji təhlükəsizliyini 100 faiz təmin etməsi ilə yanaşı, bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin etdiyini, bu il artıq Azərbaycanla Avropa İttifaqı arasında neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edən enerji dialoquna başlandığını da qeyd etməliyik.

İqtisadi davamlılığa gəldikdə isə Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil. Azərbaycanın götürdüyü kreditlər yalnız yüksək texnoloji layihələrə cəlb edilir. Eyni zamanda, biz donora çevrilmişik və özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır.

Forumdakı çıxışının sonunda möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, çox yaxşı haldır ki, Azərbaycan və Litva iqtisadiyyatları bir-biri ilə rəqabət aparmır. İqtisadiyyatlar Avrasiyanın fərqli hissələrində yerləşir. Ümidvarıq ki, hər iki ölkənin biznes nümayəndə heyətləri arasında bu fürsət əldən verilməyərək birgə səylər və layihələrlə iş birlikləri qurulacaq.