YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Litva strateji tərəfdaşlardır

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Mayın 18-də Litva Prezdenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri zamanı hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxış etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatı zamanı Litva ilə ölkəmiz arasında olan münasibətlərə toxundu. Ölkələrimiz uzun illərdir ki, strateji tərfdaşdırlar. Ölkə başçısı cənab İlham Əliyev bildirdi ki, Azərbaycanla Litva arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir. Ölkələrimiz arasındakı güclü siyasi əlaqələr isə  mövcud olan siyasi dialoqun təzahürüdür.

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığa diqqət çəkən Prezident cənab İlham Əliyev Azərbaycanın Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istədiyini vurğuladı. Baxmayaraq ki, müharibədən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var, lakin Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Azərbaycan hər zaman sülh, təhlükəsizlik və əməkdaşlığın tərfədarı olub. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq formada sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlaması məhz bunun göstəricisidir.  Azərbaycan BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğun olaraq sülh müqaviləsi ilə bağlı beş əsas prinsip irəli sürmüş və Ermənistan rəsmi qaydada bu prinsipləri qəbul etmişdir. Buna rəğmən Ermənistan məsuliyyətsiz mövqe sərgiləyir ki, bu da narahatlıq doğurur. Belə ki, Azərbaycan vaxtında işçi qrupu yaratmış və nümayəndə heyətini ezam etməyə hazır olmuşdur. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etmişdir. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina edib. Prezident cənab İlham Əlliyev bildirdi ki, işə başlamaq üçün Azərbaycan tərəfi Ermənistandan hər hansı yeni tarixlərin verilməsini gözləyir. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonlar işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır və proses artıq başlanmalıdır.

Bəyanatında ölkə başçısı Azərbaycanın təxminən 30 il danışıqlara sadiq qaldığını bildirdi və Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməyini  qeyd etdi.  Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. Artıq Azərbaycan işğaldan azad etdiyi ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə məşğuldur. Hansı ki, işğal nəticəsində həmin ərazilərdə hər şey dağıdılmış və  yerlə-yeksan edilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə olan münasibətlərə də diqqət çəkərək əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Azərbaycan artıq Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Litva da Avropa İttifaqına üzv olan ölkələrdəndir və iki ölkə arasındakı güclü siyasi münasibətlər deməyə əsas verir ki, Azərbaycanla Litva strateji tərəfdaşlardır. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq ölkələrimizin maraq dairəsindədir.

Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Prezident cənab İlham Əliyev qeyd etdi ki, biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var.

Biznes forumda cənab İlham Əliyev Azərbaycana on milyardlarla birbaşa xarici investisiyaların qoyulmasını qeyd edərək xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsinin vacibliyini vurğuladı. İlk dövrdə investisiya proqramları əsasən neft-qaz sektoruna aid olsa da, artıq  investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Ölkə başçısı Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən çoxsaylı böyük işlərdən də danışdı. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşıb.  Bütün bunlar isə o deməkdir ki, enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi nəticəsində inkişaf dinamikası artan tendensiya ilə gedir. Belə ki, cari ilin dörd ayının nəticələrinə əsasən ölkə iqtisadiyyatı 7,2 faiz artmışdır. Qeyri-neft sektorunda isə artım 11,4 faizdir. İxrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Ölkəmizdə işsizlik səviyyəsi cəmi  5-6 faiz təşkil edir.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaradılıb. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və açıq dənizə çıxışı olmamasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Artıq ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Hazırda Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Biznes forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Ölkə başçısı həmçinin qeyd etdi ki, Azərbaycan donor ölkəyə çevrilib və ölkəmiz özü kredit ayırır. Eyni zamanda mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bütün bunlar yaxşı iqtisadi vəziyyətdən xəbər verir. Bu uğurların təməlini isə cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət və düzgün qurulmuş iqtisadi strategiya təşkil edir.