YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Şahlar Şükürovun doğum günü qeyd olunub.

Bu münasibətlə təşkil olunan tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhidin ailə üzvləri və​ ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli Məclisin deputatı Aqil Məmmədov Azərbaycanın 2020-ci ildə torpaqlarını 30 ilə yaxın əsarətdən qurtararaq ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Vurğulayıb ki, əldə olunan uğurların, qazanılan nailiyyətlərin memarı məhz Prezident İlham Əliyevdir. A.Məmmədov qeyd edib ki, əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, 1990-cı il iyulun 1-də Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qalır, qeyri-bərabər döyüşdə ustad sənətkar Dədə Şəmşirin qızı Çimnaz xanım və Şahlar Şükürov qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Həbib Misirov Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından da danışıb.  Bildirib ki, ümummilli lider Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. O da vurğulanıb ki, müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır.

Əməkdar jurnalist, türkolaq alim Adil Cəmil, Qarabağ müharibəsi iştirakçıları ehtiyatda olan polkovnik Balay Nəsibov, Mayıl Adilov,​ ziyalı Sabir Mirzəyev və gənclər​ ​çıxışlarında Şahlar Şükürovun keçdiyi şərəfli ömür və döyüş yolundan danışıblar.  

Şəhid Şahlar Şükürovun qardaşı, Əməkdar həkim Malik Şükürov göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.