YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa şəhəri milli-mədəni və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycanın mədəniyyət paytaxtı, qədim şəhərimiz Şuşa şəhəri milli qürur mənbəyimizdir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman hərbçilərimiz Şuşanı düşmən tapdağından azad etdi. Şuşanın işğaldan azad edilməsi şanlı Zəfərimizə vurulan möhür idi.

Artıq Qarabağın incisi olan Şuşada böyük quruculuq işləri aparılır, yerli və beynəlxalq səviyyəli tədbirlər keçirilir. Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində demişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Vətən müharibəsinin başa çatmasından dərhal sonra Prezident İlham Əliyevin Qarabağın bölgələrinə, xüsusən də Şuşaya dəfələrlə səfər etməsi, oradan səsləndirdiyi bəyanatlar, verdiyi tapşırıqlar və qısa müddətdə gerçəkləşdirilən layihələr bir daha sübut etdi ki, bu şəhər dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Vətən müharibəsindən ötən dövr ərzində Şuşaya səfər edən hər bir azərbaycanlını bu şəhərdə düşmənin xalqımızın əsrlərlə yaratdığı maddi-mədəni irsə qarşı həyata keçirdiyi barbarlığı nə qədər hiddətləndirirsə, qısa müddətdə bu şəhərin başdan-başa quruculuq meydanına çevrilməsi bir o qədər sevindirir.

Bugünlər isə Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçirilib. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli” çərçivəsində 12-14 may tarixlərində keçirilən festival Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər. Bu festivalın özəlliyi ondan ibarətdir ki, bir sıra xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, eləcə də Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar. İlk dəfə 1989-cu ildə keçirilmiş Xarıbülbül Festivalı Vətən müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra – ötən ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı reallaşdı. Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində bəyan etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Ötənilki Xarıbülbül festivalının açılış mərasimində isə dövlətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, - deyə vurğulamışdı. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi hörmətli Prezidentimizin həmin fikirlərinin əyani təsdiqidir.

Beləliklə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, “Şuşa İli” çərçivəsində bu qədim diyarımızda daha çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu yaxınlarda  BMT səviyyəsində konfransın Şuşada keçirilməsi isə  beynəlxalq birlik tərəfindən postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini təsdiqləyir. Bütün bunlara paralel olaraq, şəhərin Baş planının təsdiqlənməsi və plana əsasən, şəhərdə sosial infrastruktur layihələrin icrasına, tarixi abidələrin bərpasında başlanılması Qarabağın tacının tezliklə yenidən Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəyini təsdiqləyir. Şübhəsiz ki, Şuşa şəhəri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı ilə gündən-günə dirçəldiləcək, tarixi Azərbaycan şəhəri kimi Qafqazın ən gözəl şəhərlərindən birinə çevriləcək!