YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Azərbaycandan – Kapitulyant Ermənistana növbəti şans!

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Aprel ayının 28-i və 29-u tarixində Şuşada və Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi çox mühüm və əlamətdar bir hadisədir. Konfransda dünyanın 20-dən artıq nüfuzlu beyin mərkəzlərindən olan nümayəndələrin, xarici ekspertlərin iştirakı da konfransın çox mühüm, beynəlxalq əhəmiyyətli, vacib bir tədbir olmasından xəbər verir.

Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edən bu tədbir həm də “Beynəlxalq Şuşa forumu” kimi təqdim olundu. Forumda doğma Qarabağımızın tarixi, 44 günlük Şanlı Vətən Müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və gələcək inkişaf məsələləri ətraflı müzakirə olundu.

Konfrans iştirakçıları bir gün əvvəl Azərbaycan mədəniyyətinin paytaxtı Şuşaya səfər etdilər, onlar 30 ilə yaxın davam edən işğal ərzində şəhərlərimizdə, kəndlərimizdə erməni vandalizminin nəticələrinin canlı şahidi oldular. Eyni zamanda iştirakçılar işğaldan azad olumuş ərazilərdə mühüm yenidənqurma və inkişaf layihələri, Fizuli hava limanı, Zəfər yolu ilə də tanış ola bildilər.

Konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev giriş nitqi ilə çıxış edərək, belə ənənəvi görüşlərin təşkilinin, eyni zamanda müharibədən sonra görülmüş işlərin, yeni reallıqların, yeni baxışların, qarşıda duran mühüm vəzifələrin beynəlxalq ictimaiyyətə, aparıcı beyəlxalq təşkilatlara çatdırılmasının vacibliyindən bəhs edərək, verilən sualları da ətraflı cavablandırdı. Ölkə Prezidenti bildirdi ki: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təqdim edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.”

Bəli, güclü iqtisadiyyata, Qüdrətli Orduya malik müstəqil Azərbaycan 44 günlük Vətən Müharibəsində  həm də müstəqil siyasət yürüdərək, BMT Təhlükəsizlik Şurasının dörd Qətnaməsini özü icra etdi və bununla da tarixi ədalət, milli ləyaqət bərpa olundu. İşğal dövründə yalnız Qarabağı qaytarmaq üzərində düşünməyən  Azərbaycan, həm də müstəqilliyin gücləndirilməsi, onun dönməz xarakter alması, ərazi bütövlüyünün birdəfəlik olaraq təmin olunmasını da düşünürdü. Bu məqsədlə nə iqtisadi, nə də siyasi cəhətdən heç kəsdən  asılı olmamaq, heç bir bloka, ittifaqa qoşulmamaq vəzifəsi də layiqincə icra olundu. Bu gün Ermənistan regiondakı mövcud reallıqları düzgün qiymətləndirərək, yenidən özünü təcrid olunmuş vəziyyətə salmamalı, Azərbaycanın ona verdiyi bu növbəti şansdan düzgün yararlanaraq, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, onlarla münasibətləri normallaşdırmalı və bu şansdan bəhrələnməlidir. Əslində isə ermənilər həmişə özlərinin  uydurma, boş xəyal üzərində qurulmuş keçmiş sərsəm ideologiyalarına əsaslanaraq gələcəyi də əldən vermişlər. Ermənilərin hər bir addımlarında Azərbaycan əraziləri ilə bağlı saxtakarlığı, Azərbaycan şəhər və kəndlərini erməni adları ilə adlandırmaları buna əyani sübutdur. 1918-ci ilin xəritəsinə istinad edərkən İrəvanın, 1920-ci ilin xəritəsində  isə Zəngəzurun Azərbaycanın tərkib hissəsi olduğu aydın görünür. Bu da sübut edir ki, bu torpaqların ermənilərə heç bir aidiyyatı yoxdur.

Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq aləmdə sülhsevər, tolerant, multikultural bir ölkə kimi tanınır. Bu gün Azərbaycanda çoxlu sayda etnik xalqlarınn nümayəndələri yaşayır və Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşı hesab edir. Ümid edirik ki, onlar da tezliklə anlayacaqlar ki, digər etnik qrupların nümayəndələri kimi ermənilərin də bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq, onlar da Azərbaycan vətəndaşı kimi burada sülh və rifah içində yaşayacaqlar. Çünki, Biz-Azərbaycanlılar ermənilərdən fərqli olaraq sözü ilə imzası bir olan müdrik xalqın övladlarıyıq!