YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın təklif etdiyi beş prinsip Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əsasıdır

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans 23 ölkədən gəlmiş 40 nümayəndənin iştirakı ilə keçirilmişdi. Konfrans həm də erməni vandalizminin təzahürlərinin dünya ictimaiyyətinə təqdim olunması baxımından olduqca böyük əhəmiyyət kəsb edirdi. Belə ki, konfransdan qabaq xarici iştirakçılar Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər etmiş, yolda olarkən, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirildiyinin, bütün şəhər və kəndlərin dağıdıldığının şahidi olmuşlar.

Onlar, həmçinin, azad edilmiş Qarabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış ola bilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransda iştirakı və geniş nitqi bir sıra fundamental mesajlarla yadda qaldı. Şuşa Bəyannaməsi ilə bağlı söylənən fikirlə Azərbaycanın Türkiyə ilə təkcə sözdə deyil, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində də, yəni, əməldə də bir olduğu bir daha dünyaya bəyan edildi.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif etməsi və qarşı tərəfin nəhayət ki, buna pozitiv yanaşaraq təklifləri qəbul etməsi Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil etdiyi kimi, həm də, fikrimcə regionda yaranacaq uzunmüddətli və dayanıqlı sülhün əsasını təşkil edəcək. Bu sülh Qarabağda yaşayan ermənilərin vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilmələrinə şərait yaradacaq. Əlbəttə bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq yüz minlərlə azərbaycanlı ilə qonşuluq şəraitində yaşamalı olduqları reallığını anlamalıdırlar.

Bütün dünyaya məlumdur ki, Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayacaqlar.

Azərbaycan tərəfi müsbət meyillərin dəstəklənməsi üçün əlindən gələni edir. Azərbaycan tərəfinin düşmənçilik mərhələsindən sülhə doğru keçidi çox sürətlidir. Möhtərəm prezidentimiz bir ildən artıq müddətdir ki, Ermənistanla sülh sazişinin bağlanmasının vacibliyini bəyan edir. Nəhayət ki, yalnız bir neçə həftə bundan əvvəl onlar buna razı oldular. Buna qədər sükut hökm sürür, ərazi bütövlüyümüzü şübhə altına alan bəyanatlar verilirdi.

Əlbəttə bu anlaşılandır, çünki onların ideoloji təməlləri sarsılıb. Çünki onların bütün ideologiyası işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu.

İndi isə bu ideoloji təməl artıq mövcud deyil. Biz anlayırıq ki, hazırda onlar üçün yeni hədəf müəyyən etmək asan deyil. Yaxşı olardı ki, Ermənistan tərəfinin yeni hədəfi sülh və əməkdaşlığın bərpası, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi olsun.