YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cı ildönümü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə tədbirdə akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra oftalmoloq-alimin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu söyləyib, ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş Zərifə xanımın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib. O, Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışıb. Bildirib ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Azərbaycan oftalmologiyasının bugünkü inkişafı həm klinik, həm elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanovan isə vurğulayıb ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftalmoloq-alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanımın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verib.

Çıxış edən Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sabir Bayramov akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Digər çıxış edənlər də akademikin zəngin həyat yolundan, elmi, pedaqoji və həkimlik fəaliyyətindən danışıblar.