YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndərin misilsiz xidmətləri sayəsində Azərbaycan dili dövlət dili kimi hüquqi status aldı

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Tarixin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir. Azərbaycan dili ölkəmizin dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixinin önəmli səhifəsi sayılır.

Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Təsadüfi deyil, dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. 

Xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Bütün bunları nəzərdə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir”.

Hələ sovetlər dönəmində, SSRİ adlı bir imperiyada yaşadığımız zamanda respublika başçıları məruzə və çıxışlarını rus dilində edəndə Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycanda keçirilən bütün tədbirlərdə öz məruzə və çıxışlarını ana dilimizdə edirdi. 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının yeni Konstitusiyası hazırlanarkən Konstitusiya komissiyasının rəhbəri olan Heydər Əliyevin qətiyyəti və gücü sayəsində Azərbaycan dili dövlət dili kimi Konstitusiyamıza daxil edildi. Yazıçı Çingiz Abdullayev özünün “Qanın üç  rəngi” romanında sovetlər dönəmində öz  ana dillərini Konstitusiyaya dövlət dili kimi salınmasında Azərbaycanın və Gürcüstanın partiya rəhbərləri Heydər Əliyevin və Eduard Şevardnadzenin cəsarətini xüsusilə qeyd etmiş və bunu həmin dövr üçün milli əhəmiyyətli hadisə kimi dəyərləndirmişdir.

Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir və dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Əgər bir vaxtlar dünya dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdisə, indi birbaşa əlaqə  imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır.  

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, Ulu Öndərin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Bundan sonra dövlət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.

Ölkəmizin tarixində ilk dəfə ulu öndər Heydər Əliyevin sərəncamı ilə ana dili və onun əlifbasının şərəfinə ayrıca “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü”nün təsis olunması dahi liderin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi amildir. 

Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi. Beləliklə, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Həmin sənəddə deyilirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. 

Ümummilli Liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır, ana dili siyasətini bu gün uğurla davam etdirir. Bu gün dilimizin inkişafının əsas qarantı da ölkə rəhbərinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu.

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə ­uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adlı proqram sənədin hazırlanıb Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilməsi də önəmli tarixi hadisələrdən biridir.

Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır.

Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

DİGƏR Xəbərlər Arxiv