YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dilinin dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Məlumdur ki, tarixən insanların iqtisadi, ərazi və psixika ümumiliyi kimi, həm də, dil birliyi əsasında təşəkkül tapan və milli xarakterin, milli mədəniyyətin özünəməxsusluğunda təzahür edən sabit birliyi millət adlanır. Necə ki, xalqımızda “ana südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır” – deyimi mövcuddur.

Ümummilli liderimiz Heydər Əliyevin müdrik təbiri ilə desək xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Xalqımızın milli-mənəvi dəyərlərini, tarixi keçmişini, misilsiz mədəniyyətini, zəngin ədəbiyyat incilərini, adət-ənənələrini varlığında daşıyan ana dilimiz bizim var olma səbəblərimizdən biridir. Ulu Öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində milli dilin azərbaycançılıqla birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq vurğulamışdır: “Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.

Təsadüfi deyil ki, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Məhz Ümummilli lider Heydər Əliyev yüksək intellekti, zəngin təcrübəsi ilə keçmiş sovetlər birliyində ögey münasibət göstərilən və sıxışdırılan Azərbaycan dilini bütün çətinliklərə sinə gərərək yox olmaq bəlasından hifz etdi, respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına, Ulu Öndərin özünün də sonralar qeyd etdiyi kimi, göstərilən təzyiqlərə dözərək Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsinə nail oldu.

Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevinin sayəsində 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi.

Bundan başqa, Ümummilli lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi. Məsələn, ölkə ərazisində yaşayan hər kəsin, bütün Azərbaycan vətəndaşlarının Azərbaycan dilini öyrənməsini, bütün dövlət sənədlərinin bu dildə aparılmasını şərtləndirən Fərman imzalaması xüsusi əhəmiyyət kəsb edir.

Bundan başqa, Ümummilli Liderimizin dilimizin inkişaf etdirilməsi istiqamətində atdığı tarixi addımlardan biri də 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir.

Üç fəsildən, iyirmi maddədən ibarət olan “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun ilk növbədə, ölkə Konstitusiyasına uyğun olaraq, dilimizin dövlət dili kimi hüquqi statusunu nizamlamaq məqsədilə onun işlənməsi, qorunması və inkişafı istiqamətlərini müəyyənləşdirdi. Burada diqqətçəkici məqamlardan birincisi Azərbaycan dilinə dövlət səviyyəsində lazımi qayğı göstərilməsidirsə, ikinci mühüm cəhət Azərbaycan dilinin dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli rolunu oynaması üçün Azərbaycan dövləti tərəfindən zəmin yaradılmasıdır.

Dövlətin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən dövlət dili haqqında qanunda Azərbaycan dilinin saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, Hər bir xalqın milli varlığını təcəssüm etdirən, mənəvi dəyərlərini yaşadan onun dilidir, “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Dahi rəhbərin dünya azərbaycanlılarının milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsinin zəmanətçisi olaraq Azərbaycan dilini görməsinə, dilimiz haqqındakı yüksək fikirlərinə onun gənclərlə görüşlərindəki çıxışlarında tez-tez rast gəlirik. Belə görüşlərin birində ulu öndər Heydər Əliyev demişdir: “Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz.”

Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, qanunla Azərbaycan dilinə dövlət dili kimi hüquqi status verilməsi, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.