YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Bu gün dünyanın diqqəti yenidən Türk dünyasının mədəniyyət paytaxtına yönəlib

Milli Məclisin deputatı Əliabbas Salahzadə birliyimizin, həmrəyliyimizin təqdimatı olan  Dünya Azərbaycanlılarının V qurultayından geniş bəhs edərək bildirib ki, hər bir tarixi hadisənin fonunda keçilən yola nəzər saldıqda  Azərbaycanın  hər gününü tarixinə bir uğur səhifəsi kimi yazdığını görür və bundan böyük qürur hissi keçiririk: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki  dövrü  dövlətçiliyimizin inkişafına xidmət edən addımlarla zəngindir. Ümummilli Liderin formalaşdırdığı azərbaycançılıq fəlsəfəsi  Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdi,  milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün  möhkəm zəmin yaratdı. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən başlanan  dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu  azərbaycançılıqdır.”

Millət vəkili qeyd edib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımıza Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşmək çağırışını etdi:  “Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada yaşayan azərbaycanlılarla görüşməsin, onların problemləri ilə yaxından tanış  olmasın.  Ümummilli Lider  öncə soydaşlarımızın  yaşadıqları ölkələrdə bir araya gətirilməsini təmin edən mərkəzlərin  yaradılmasına nail oldu. Ondan sonra onların vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bunu  2001-ci il noyabrın 9-10 tarixlərində gerçəkləşdirdi. Beləliklə,  dünya azərbaycanlılarını bir araya gətirərək dünənə baxış əsasında qarşıdakı dövrün vəzifələrinin müəyyənləşdirilməsinə yol açan qurultayların keçirilməsi ənənəsinin əsası qoyuldu.”

Əliabbas Salahzadə vurğulayıb ki, son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev diaspor quruculuğuna xüsusi diqqət yetirərək Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsini davam etdirdi: “Bu dövrdə II, III və IV qurultaylar keçirildi,  Azərbaycana, doğma Vətənlərinə toplaşan soydaşlarımız ölkənin inkişafından qürur hissi keçirərək daha da qüdrətlənməsinə, güclənməsinə öz töhfələrini verməyə səy göstərdilər. Hər bir qurultay dünya azərbaycanlılarına bir sıra çağırışları özündə ehtiva etdi.  Məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpasında əsas amillərdən olan diplomatik mübarizədə fəal olmaq, həqiqətlərimizin təbliğinə töhfələr vermək idi.”

Millət vəkili Azərbaycan diasporunun keçdiyi inkişaf yoluna nəzər salaraq bu fikri böyük inam və qürur hissi ilə qeyd edib ki, soydaşlarımız üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirir, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edir, ermənilərin və erməni diasporunun illərdir  ölkəmizə qarşı yalanlarını həqiqətlərimiz vasitəsilə cavablandırır, onların əsl simalarını dünyaya çatdırırlar: “44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə birliyimizin, həmrəyliyimizin rolu inkaredilməzdir. Dünyaya səs salan “Dəmir yumruq” ölkəmizin gücü ilə yanaşı, birliyimizi  nümayiş etdirdi.”

“Dünya Azərbaycanlılarının V qurultayı qürur hissini yaşadığımız dövrə təsadüf edir. Artıq işğal altında qalan torpaqlarımızın azad ediləcəyindən deyil, onların bərpa və quruculuğundan bəhs edirik. Azərbaycan öz torpaqlarına qovuşdu,  ərazi bütövlyümüz bərpa edildi.  Dünya Azərbaycanlılarının Zəfər qurultayı məhz Qələbəmizin reallıqlarının təbliğində əhəmiyyətli rol oynayacaq. Nəzərə alsaq ki,  bu tarixi hadisəyə, Zəfər qurultayına Qarabağın tacı, yalnız Azərbaycanın deyil, Türk dünyasının  mədəniyyət paytaxtı olan Şuşa ev sahibliyi edir, artıq onun əhəmiyyəti, dünyaya ünvanlayacaq  mesajları özünü aydın şəkildə  büruzə verir. Bu gün Şuşa daha sevincli, daha qürurludur. Növbəti qonaqlarını, dünya azərbaycanlılarını qarşılayır. 28 illik həsrətdən sonra Qarabağın tacı olan Şuşaya qovuşmaqla həm dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyətini, həm də rəşadətli ordumuzun gücünü bir daha dünyaya bəyan edirik. Çünki dünyaya səs salan Şuşa əməliyyatı bir dastana çevrilib”- deyə Əliabbas Salahzadə  vurğulayıb.

Millət vəkili  bildirib ki, Dünya Azərbaycanlılarını qalib Prezident kimi salamlayacaq və tapşırıqlarını verəcək cənab İlham Əliyev bir daha tarixi Zəfərimizin gələcəyimiz üçün açdığı imkanları  diqqətə çatdırmaqla 30 ilə yaxın öz doğma yurd-yuvalarından didərgin düşmüş  soydaşlarımızın  Böyük Qayıdışının da tezliklə reallaşacağını  əmnliklə ifadə edəcək: “Birliyimiz, həmrəyliyimiz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Torpaqları işğaldan azad edilib, iqtisadi inkişafı möcüzə kimi dəyərləndirilir, dünyanın ən islahatçı ölkələri, xalqımız ən xoşbəxt xaqları, ordumuz dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Xalqımız əmindir ki,  Dünya Azərbaycanlılarının növbəti qurultayında  Böyük Qayıdışın sevincini yaşayacaq, qarşıdakı dövrün yeni hədəfləri açıqlanacaq. Möhkəm təmələ əsaslanan siyasət ölkəni daim irəli aparır.”