YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad edilmiş torpaqlarda yol infrastrukturunun qurulması istiqamətində işlər yüksək templə aparılır

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işləri ilə bağlı həqiqətlər bir daha bütün dünyaya bəyan olundu. Qeyd edildi ki, Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında təkbaşına 44 gün ərzində apardığı Vətən müharibəsində tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, bu gün də yalnız öz daxili imkanları hesabına, heç bir xarici ölkədən və ya beynalxalq təşkilatlardan maliyyə dəstəyi almadan özü işğaldan azad etdiyi ərazilərdə bərpa və quruculuq işəri aparır. Müşavirədə çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, postmüharibə dövrünün ilk ili olan 2021-ci ildə ölkəmizin qarşısına qoyulmuş iki əsas məqsəd azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə əldə olunmuş yüksək nəticələr göz qabağındadır. Bu nəticələrə əsasən demək olar ki, postmüharibə dövründə Azərbaycanda bütün sahələrin, o cümlədən iqtisadiyyatın inkişafı sürətli və dinamik şəkildə davam etmişdir. Həmçinin ötən il ərzində ölkəmizin beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı davam etmiş, dövlətimizin ciddi səyləri nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. Bir sözlə, Prezident İlham Əliyevin uğurla və inamla həyata keçirdiyi siyasi kursun nəticəsi olaraq, Azərbaycan hər iki istiqamət üzrə öz məqsədlərinə nail oldu.

Xüsusilə olaraq bu gün azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən iri həcmli işləri, həyata keçirilən möhtəşəm layihələri qeyd etmək lazımdır. Məlum olduğu kimi, Vətən müharibəsinin başa çatmasından dərhal sonra təməli qoyulan ilk layihə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası oldu. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürən bu yol Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. “Zəfər yolu” şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənası, mənəvi dəyəri, xüsusi önəmi var. Ona görə Prezident İlham Əliyevin Şuşaya çəkilən magistral yolu “Zəfər yolu” adlandırması təsadüfi deyil. Rəşadətli Azərbaycan Ordusu bu yolla irəliləyərək döyüşüb, bu yolda şəhidlər verərək Şuşanı və ətraf yaşayış məntəqələrini düşməndən azad edib, zəfər qazanıb.

Postmüharibə dövrünün ilk ilində Azərbaycanın nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planları vaxtlı-vaxtında yerinə yetirilib. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır, Bərdə-Ağdam dəmir yolunun inşası da davam edir. Keçirilmiş müşavirədə bir daha qeyd olundu ki, gələn il bu yol istifadəyə veriləcəkdir. Həmçinin cari ildə Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməsi nəzərdə tutulur. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Prezident İlham Əliyev də öz çıxışında xüsusi olaraq qeyd etdi ki, həm Naftalan, həm də Suqovuşan turizm üçün çox əlverişli məkanlardır. Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox qısadır. Həmçinin bu yaxınlarda dövlət başçısının iştirakı ilə Suqovuşanda da turizm obyektlərinin təməli qoyulmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə həqiqətən də möhtəşəm yol infrastrukturu quruculuğu həyata keçirilir. Belə ki, bu torpaqlarda heç zaman yolların olmadığı ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Ötən ilin avqust ayında Prezident İlham Əliyev bu tunelin təməlini qoyarkən demişdir: “Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar”. Həmçinin hazırda Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri də əlbəttə ki, Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra artıq Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Ümumiyyətlə hazırda ölkənin yol infrastrukturu surətlə şaxələnir. Heç bir şübhə yoxdur ki, ən qısa zamanda bu yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirəcək. 30 il bundan əvvəl bu torpaqları göz yaşı ilə tərk etməyə məcbur olan soydaşlarımız indi fərh və sevinc hissilə öz dədə-baba yurdlarına dönəcəklər. Bu bölgələrdən çəkilən yollar isə digər şəhər və kəndlərimizin yollarına qovuşaraq bütöv Azərbaycanımızın daha sürətli inkişafına misilsiz töhfələr verəcəklər.