YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Tariximizə Zəfər salnaməsini yazan qalib Prezidentə xalqın sevgisi və etimadı şəksizdir

11 aprel 2018-ci il prezident seçkilərindən 4 il ötür. Arxada qalan hər gün, hər il Azərbaycanın tarixinə möhtəşəm səhifələr yazır, gələcəyə daim inamla baxmağa əsas verir.  11 aprel 2018-ci il  prezident seçkiləri demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını, bu yolun Azərbaycana böyük uğurlar qazandırdığını bir daha təsdiqlədi.  Azərbaycanın bu illər ərzində  ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, mənsubiyyətindən  asılı olmayaraq  hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər.  Bu gün Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir.   Məhz uğurlu siyasətin, ölkəmizdə xalq-Prezident birliyinin beynəlxalq səviyyədə yüksək təqdir edilməsinin nəticəsidir ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə, xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında qərarlaşır. Doğrudan da Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqilliyimizin daimiliyini, Azərbaycanın imzasının imzalar  arasında görünməsini təmin edən  Heydər Əliyev kimi Ümummilli Lideri, torpaqlarımızı işğaldan azad edən, bu ərazilərdə 30 ildən sonra üçrəngli bayrağımızın dalğalanması sevincini yaşadan  İlham Əliyev kimi Prezidenti vardır. Dövlət başçısı İlham Əliyevin   tarixi Zəfərimizə qədər bütün çıxışlarının, bayram təbriklərinin mahiyyətində bu istək, arzu dayanırdı ki,  gün gələcək işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Bu gün hər bir Azərbaycan vətəndaşı qürurludur, torpaqlarımıza qovuşmağın sevincini yaşayır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə  11 aprel 2018-ci il prezident seçkilərindən ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərkən bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan bu 4 ildə iqtisadi inkişafını daha da möhkəmləndirib: “Baxmayaraq ki, 2019-cu ilin sonlarından dünyanı koronavirus infeksiyası  cənginə  alıb, dövlət başçısı İlham Əliyevin istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər, irəli sürdüyü təşəbbüslər nümunə  göstərilir və yüksək dəyərləndirilir. İnsanların sağlamlığı ilə yanaşı, iqtisadi islahatların daha da dərinləşdirilməsinin, sosial layihələrin təxirə salınmamasının vacibliyini bildirən Prezident İlham Əliyevin Sərəncamı əsasında  20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 sosial yardım proqramı həyata keçirildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan amilinə verilən dəyər bütün  dövrlərdə öz aktuallığını qoruyub. Təkcə 2022-ci ilin ilk sosial paketində əksini tapan Prezidentin Fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir. Ümumilikdə,  2003-2018-ci illər ərzində əməkhaqları  təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.”

YAP Xətai rayon təşkilatının sədri hər bir ölkənin inkişafında iqtisadi tərəqqinin rolunu önə çəkərək Azərbaycanın daim  iqtisadi tərəqqisi ilə dünyanın diqqətində olduğunu bildirib: “2018-ci ildə enerji sektorunda qazanılan uğurlara nəzər salaq. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, iyun ayında onun əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında TAP istifadəyə verilib. Hər bir layihə nəzərdə tutulan vaxtda tam başa çatıb. İcra olunan layihələr bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə nail olur. Prezident İlham Əliyev davamlı olaraq iqtisadi inkişafı təmin edən  islahatların təşəbbüskarı kimi çıxış edir.  2003-2018-ci illərdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.”

“2003-2018-ci illər, eyni zamanda,  milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür” söyləyən Vüqar Rəhimzadə bildirib ki,  Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib: “Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Məhz bu birliyin, həmrəyliyin bariz nümunəsi kimi Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərini qeyd edə bilərik. Dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı  gücümüzü, qüdrətimizi, həmçinin birliyimizi nümayiş etdirdi. Azərbaycanın tolerant, mutikultural dəyərlərə böyük töhfələr verən ölkə olması da  tarixi Zəfərimizin təqdimatında xüsusi önə çəkilir. Belə ki, ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin nümayəndələri Vətən müharibəsinə qatılaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına öz dəstəklərini  verdilər. Bu  dəstəyi yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev  2021-ci ilin mayında Şuşada, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı ənənəsinə start veriləndə açılışın müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığının təqdimatı ilə başlanması   tapşırığını vermişdir. Azərbaycan Qarabağın tacı Şuşadan bir daha tolerant, multikultural ölkə olduğunu  dünyaya çatdırdı.”

YAP Xətai rayon təşkilatının sədri  Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyümüzün qarantı olan ordumuzun qüdrətlənməsi istiqamətində görülən işlərdən də  bəhs edib: “Azərbaycanın tarixi Zəfəri  Ordumuzun  gücünün, qüdrətinin təqdimatı oldu.  Ötən dövr ərzində təchizat, silah-sursat, texnika ilə təminat, döyüş qabiliyyətinin yüksək səviyyəyə qaldırılması baxımından ordumuz dünyanın ən güclü orduları sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu. Tarixi Zəfərimiz Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu nümayiş etdirməklə yanaşı, ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ölkə”, “güclü ordu” miflərini də darmadağın etdi.”

Vüqar Rəhimzadə vurğulayıb ki, 2003-2018-ci illər  Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurları ilə də diqqətçəkəndir:  “Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Dövlət başçısı İlham Əliyevin 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən  “Valday” Beynəlxalq Diskussiya Klubunun   XVI illik iclasında Ermənisanın baş naziri Nikol Paşinyanın sərsəm fikirlərinə cavab olaraq səsləndirdiyi   “Qarabağ Azərbaycandır və nida işarəsi” 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Həmin bəyanat reallıqda öz əksini tapdı, Azərbaycan Ordusu  möhkəm hüquqi bazaya söykənərək döyüş meydanında Ermənistan silahlı qüvvələrini diz çökdürdü.”

Vüqar Rəhimzadə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın uğurlarındakı payından, rolundan da bəhs edib: “Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi hər bir qərar ölkəmizin  qüdrətlənməsinə, insanların  sosial rifah halının yaxşılaşmasına xidmət edir. YAP, eyni zamanda, yeniləşməyə, təkmilləşməyə böyük diqqət göstərir, həyata keçirilən islahatlar prosesinə öz böyük töhfələrini verir. Partiyanın 2019-cu ilin sonlarında   Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi də  ölkəmizdə geniş vüsət alan  islahatlar prosesinin qanunverici orqanda  da öz əksini tapması istəyindən irəli gəlirdi. Məhz bu təşəbbüsün nəticəsi olaraq 2020-ci il  fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi.  Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqlarına söykənərək  keçirilən VII qurultayı da  qəbul etdiyi yeni qərarları ilə diqqət çəkdi. Yeni qərarlar yeni hədəflər və onların uğurlu icrası deməkdir.”

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, uğurlarımızın əsasında idarəetmə sistemində təkmilləşmə  xüsusi yer tutur: “Dövlət başçısı İlham Əliyev bu məsələni daim diqqətdə saxlayır. İşğaldan azad edilmiş ərazilərimizdə  də müasir idarəetmə sistemi yaradılır. Xalqımız tam əmindir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımızın Böyük Qayıdışı reallığa çevriləcək. Bundan sonra da Azərbaycan inkişaf edəcək, bütün sahələrdə möhtəşəm uğurlara imza atacaq.”