YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti Brüssel görüşü də Azərbaycanın diplomatik qələbəsi ilə yekunlaşdı

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və proses üçün işçi qrupunun yaradılması qərara alındı. Bununla bağlı Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar, tapşırıqlar verildi. İşçi qrupunun aprelin sonuna qədər formalaşdırılmasının yekunlaşması tələbi qoyulub.

Sayca ikinci olan bu üçtərəfli görüş növbəti dəfə Azərbaycanın diplomatik qələbəsi ilə yekunlaşdı. Liderlərin ortaq bəyanatından çıxış edərək görüşdə bir neçə nəticənin əldə edildiyini söyləmək mümkündür. Birincisi, tərəflər həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. Bu sıraya Avropa İttifaqının minatəmizləmə, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərinə ekspert və maliyyə dəstəyi aiddir. Ermənistan rəsmiləri hər yerdə Azərbaycan əleyhinə “erməni əsirlərin qaytarılması” mövzusunu qaldırırlar.

Bunun qarşılığında Azərbaycan rəsmiləri Birinci Qarabağ savaşında minlərlə azərbaycanlı əsirin taleyi mövzusunu gündəmə gətirirlər. Ermənistan bu mövzunun üstündən sükutla keçməyə çalışır. İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə aprelin sonuna qədər birgə komissiyanın yaradılması və iclasının keçirilməsi nəzərdə tutulub. Birgə sərhəd komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq. Üçüncüsü, bəyanata əsasən, xarici işlər nazirliklərinə sülh müqaviləsinin hazırlanması tapşırılıb. Dördüncüsü, liderlər Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər.

Deməli, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Müharibədə məğlubiyyətə uğrayan Ermənistan sülh müqaviləsinin imzalanmalı olduğunu çox gözəl başa düşür. Ancaq çalışır ki, bu məsələləri ləngidərək vaxt qazansın. Ermənilər bununla hər hansısa bir vəziyyətdən özlərinə pay çıxarmaq niyyətindədirlər, ancaq bunun olma ehtimalı sıfıra bərabərdir. Rusiyanın da bu məsələyə müsbət yanaşdığının şahidi olduq. 10 noyabr və 11 yanvar bəyanatlarında da sülhə doğru addımlamaq lazım olduğu vurğulanıb. Ermənistan hakimiyyətinin əsas problemlərindən biri odur ki, onlar müstəqil siyasət həyata keçirə bilmir. Adıçəkilən ölkənin daxilində çox ciddi etirazlar var və bunları edənlər radikal qruplardır. Lakin, tezliklə sərhədlərin demarkasiyası və delimitasiyası aparılacaq, böyük sülh sazişi də imzalanacaq.

Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.

Onu da qeyd edim ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv