YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2018-ci il aprelin 11-də Azərbaycan xalqı davamlı inkişafa, siyasi sabitliyə, Böyük Zəfərə səs verdi

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Müstəqil Azərbaycanın tarixinin yeni səhifələri bu gün ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti sayəsində yazılır. Dövlət Başçısının rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. Ölkənin daxili və xarici siyasətində əldə olunan uğurların nəticəsi olaraq 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində xalqımız növbəti dəfə müdrik və düzgün seçim edərək, gələcək taleyini Ulu öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevə etibar etdi. Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim Ümummilli liderin siyasi kursunun uğuru ilə yanaşı, onun varisinə inam və etimaddan güc alırdı.

Xalq seçimində yanılmadı. Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən cənab İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları, müdrik qərarları ilə Azərbaycan inkişaf yolu keçdi, beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirdi. İlham Əliyevin prezidentliyi dövründə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edildi, böyük uğurlara imza atıldı, ölkədə sabitlik tam bərqərar oldu, düşmən tapdağı altında qalan torpaqlarımız əsl sahiblərinə qaytarıldı.

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” deyən Prezident İlham Əliyev bu illər ərzində davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış etdi və 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil oldu. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artdı, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşdı. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artması onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapdı.

Cənab İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanıb. Dövlət başçısının 19 il əvvəl söylədiyi “Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir, bu, mənim borcumdur”- sözləri artıq tam təsdiqini tapıb. Prezident İlham Əliyev ölkə rəhbəri kimi fəaliyyətə başladığı gündən xalqın marağını hər şeydən üstün tutan, xoşniyyətli əməlləri, imzaladığı fərman və sərəncamları, praqmatik qərarları ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib.

Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün bərpası dövlət başçısının uzaqgörən siyasəti sayəsində mümkün olub. Qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Prezidentliyi dövründə İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirdi. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar oldu. Azərbaycan Ordusu sürətlə inkişaf etdirilib və təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz dünyanın ən güclü orduları sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşləri böyük Zəfərin başlanğıcı idi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 19 illik gərgin əməyi və Ordumuzun rəşadəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik” sözləri böyük Qələbənin nəticəsində yaradılmış yeni reallığın, Qarabağın bərpasının, Böyük Qayıdışın əsas devizinə çevrilib. Müdrik qərarlar sayəsində əldə edilən uğurlar, nailiyyətlər Azərbaycanın təkcə bu gününə deyil, gələcəyinə də xidmət edir.