YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün gənclərdə vətənpərvərliyi gücləndirən mühüm amillərdən biri tarixi-hərbi Zəfərimizdir

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan idmanı və idmançıları hər zaman ölkə başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. Bunu Azərbaycanda bu sahəyə olan qayğı və cənab Prezidentin mütəmadi olaraq idmançılarla keçirdiyi görüşlər də təsdiq edir. Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə keçirilən görüş də bu qəbildəndir. İdmançılarla görüşdə Prezident cənab İlham Əliyev onların qazandıqları uğurları yüksək qiymətləndirməklə bərabər hər zaman dövlət tərəfindən idmana yüksək diqqət və qayğının olacağını qeyd etdi. Bütün bunlar isə ölkə idmançılarının qarşısında daha böyük vəzifələr müəyyənləşdirir ki, onlar ölkəmizin idman gücünü bundan sonra da dünyaya nümayiş etdirə bilsinlər.  

Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimizin  bir daha xalqımızı sevindirərək, böyük qələbə ilə Vətənə qayıtdıqlarını qeyd edən Prezident cənab İlham Əliyev 16 medal qazanmış idmançılarımızın bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırdıqlarını vurğuladı. İstənilən idman növündə Avropada birinci olmaq böyük uğur hesab edilə bilər.  

Ölkə başçısı idmançılarla görüşdə bildirdi ki, onlar cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil edirlər və bu böyük qürur, eyni zamanda böyük məsuliyyətdir. İdmançılarımız da yarışlara çıxanda unutmamalıdırlar ki, onlar müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Azərbaycanda idmanın inkişafı güclü gənc nəsin yetişməsi deməkdir. Həmçinin idmanda qazanılan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırmaqla bərabər yetişən gənc nəsildə vətənpərvərlik hislərini də gücləndirir. Bu gün gənclərdə vətənpərvərliyi gücləndirən mühüm amillərdən biri tarixi-hərbi Zəfərimizdir. İdmançılarla görüşdə bu mövzuya toxunan cənab Prezident qeyd etdi ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında tərbiyə almalıdır.  Azərbaycan dövləti isə buna nail olmaq üçün bütün imkanlardan istifadə edir.

İdmançılarla görüş zamanı Prezident cənab İlham Əliyev gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olmalıdır fikirlərini səsləndirməklə idmançılar qarşısında yeni vəzifələr müəyyənləşdirmiş oldu. İki il sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına diqqət çəkərək ölkə başçısı bütün idman növlərində lisenziya qazanacaq idmançıların bu əsas yarışa indidən hazırlaşmalı olduqlarını qeyd etdi. Bunun üçün də düzgün təlim-məşq toplanışları müəyyən edilməli, növbəti Olimpiya  Oyunlarında Azərbaycanın daha çox uğurla çıxış edə bilməsi üçün gələcək yarışların nəticələrinə baxmadan, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etməlidirlər.

Azərbaycan idmançılarının bu vaxta qədər ləyaqətlə ölkəmizi təmsil etdiklərinə diqqət çəkən Prezident cənab İlham Əliyev xatırlatdı ki, ləyaqət qələbədən daha vacibdir. Odur ki, idmançılar yarışlarda feyr-pley anlayışını unutmamalı və  Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Əlbəttə, hər bir idmançı üçün qələbə çox önəmlidir. Rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmiş, halal qələbəni öz istedadı, zəhməti hesabına qazanmışlar.

Cənab Prezident Azərbaycan idamnçılarının ədalətli bir  xalqının nümayəndələri olduqlarını bildirərək düşmənin və ya idman rəqibinin məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub edilməli olduğunu qeyd etdi. Azərbaycan xalqı və dövləti də öz ərazi bütövlüyünü bərpa edərkən ədalətli müharibə aparmış, Ermənistanın təxribatlarına, dinc insanlara qarşı törətdiyi terror aktlarına yalnız döyüş meydanında cavab vermişdir. Azərbaycan xalqı layaqətli xalqdır, dövlətimiz isə hər zaman haqq-ədaləti əsas tutur. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, ədalətli və qətiyyətli siyasət nəticəsində Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü müəyyən və həll edir, müstəqil siyasət aparır, istər döyüş meydanlarında, istərsə də siyasi arenalarda davamlı qələbələr qazanır.

DİGƏR Xəbərlər Arxiv