YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artıq idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edirlər

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri      

Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş neçə-neçə gənc geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutub, üçrəngli bayrağımızı göylərə qaldırıb. Artıq neçə illərdir ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarına, Olimpiya oyunlarına qatılaraq uğurlu nəticələr göstərirlər. Artıq Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilib. Dövlət başçısı İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Bu gün idmançılarımız beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Çünki idman qələbələrinin mənbəyi Vətənə, xalqa olan məhəbbət və sədaqətdir.

Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirdilər, böyük qələbə ilə Vətənə qayıtdılar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırdılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu münasibətlə güləşçilərlə görüşü ölkəmizdə idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir. Görüş zamanı cənab İlham Əliyev bildirdi ki, hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Bunun nəticəsidir ki, Vətən müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) gənclər və idman idarələrinin, gənclər evlərinin, Olimpiya İdman komplekslərinin əməkdaşları, idmançılar və idman jurnalistləri iştirak ediblər. Gənclər və İdman Nazirliyinin açıqladığı məlumatda bildirilir ki, 988 nəfər Vətən müharibəsinin iştirakçısı olub. Onlardan 320 nəfər Şəhidlik zirvəsinə yüksəlib, 117 nəfər isə yaralanıb. Hətta Vətən müharibəsi qazilərinin paralimpiyaçı olmaları üçün layihə də hazırlanıb. Layihənin məqsədi Vətən müharibəsi qazilərinin idmana cəlb edilməsi, gənclərin qarşılarına qoyduqları məqsədə doğru irəliləməsində, sağlamlıq problemlərinə və əlilliyə baxmayaraq ruhdan düşməmələri üçün dəstək olmaqdır.

Əminliklə vurğulamaq lazımdır ki, respublikamızda davamlı və sürətli inkişaf fonunda idman sahəsində də böyük işlər görüləcək və yeni zirvələr fəth olunacaqdır. Məhz dövlət siyasəti, idmançılarımızın peşəkarlığı, mütəxəssislərin fəaliyyəti, federasiyaların, Olimpiya və Paralimpiya komitələrinin birgə fəaliyyəti bu uğurları şərtləndirir.