YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yeni diplomatik uğuru

Rövşən Əhmədov

YAP Agcabədi rayon təşkilatının sədri

Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın 5 saata yaxın davam edən mühüm görüşü zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması qərara alınıb. Xarici İşlər Nazirliklərinə sülh razılaşması üçün müvafiq təlimatlar verilib. Azərbaycanın tərəfindən 5 maddədən ibarət təklif irəli sürülmüşdür. Həmin sənədin  əsas qayəsi Azərbaycanın ərazi bütövlüyünün bərqərar olunması və  tanınmasıdır.

Danışıqların nəticəsi onu göstərir ki, Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradan Azərbaycanın dünya diplomatiyasında rolu və mövqeyi getdikcə daha da möhkəmlənir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə, dünya arenasında etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Rəsmi Bakı həm regional, həm də qlobal məsələlərin həllinə öz töhfələrini verməklə, dünyanı narahat edən problemlərin həllində yaxından iştirak edir, böyük güclər arasında sülh missiyasını yerinə yetirir.

Müasir dünyanın real güc mərkəzlərinin, yeni çağırışlara müvafiq olaraq xarici siyasət strategiyasına yenidən baxmaq  beynəlxalq əlaqələrə qatılmaq istəyən hər bir müstəqil dövlət üçün böyük əhəmiyyət kəsb edir.  Müstəqillik yolu seçmiş hər bir dövlətin dünya ölkələri içərisində gələcək yeri və rolu onun hansı inkişaf modelini seçməsindən, iqtisadi-siyasi və təhlükəsizlik meyillərini hansı beynəlxalq güc mərkəzinə yönəltməsindən, hansı mərkəzlə əməkdaşlıq, tərəfdaşlıq, dostluq və nəhayət, strateji müttəfiqlik əlaqələrini yaratmasından asılıdır.

Ermənistanın təcavüzünün dəf edilməsi, Respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması müstəqil dövlət quruculuğunun bütün dövrlərində Azərbaycan diplomatiyasının qarşısında qoyduğu ən mühüm istiqamətlərdən və vəzifələrdən biri olmuşdur. Azərbaycan diplomatiyası bu dövrdə bütün gücünü müstəqil dövlətimizin dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində dünya birliyinə inteqrasiya olunmasına yönəldərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, respublikamızın ərazi bütövlüyü problemlərinin həllinə əlverişli beynəlxalq dəstəyin təmin edilməsi zərurəti ilə qarşılaşmışdır. Bunun üçün bu problemin dünya səviyyəsinə çıxarılması və həlli ilə bağlı xüsusi bir konsepsiya hazırlanmış və bəzi konkret vəzifələrin həyata keçirilməsini nəzərdə tutan ardıcıl siyasi kurs yeridilmişdir.

Brüsseldə keçirilən görüş zamanı əldə edilən uğurlar bu konteksdə Azərbaycanın diplomatik üstünlüyü ələ alması və beləliklə sülh müqaviləsinin əldə edilməsində öz şərtlərini diqtə edən bir ölkə kimi səciyyələndirir.