YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır

“Bu günümüzün əsas müzakirə mövzusu dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə işgüzar səfəridir. Səfər çərçivəsində ölkə Prezidentinin qurumun rəsmisi ilə təkbətək görüşü, eyni zamanda,  Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidentinin və  Ermənistanın baş nazirinin  üçtərəfli görüşü mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı istər ölkəmizin qurumla, istərsə də quruma üzv dövlətlərlə münasibətlərində özünün aydın ifadəsini tapır. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçika Krallığına  səfəri çərçivəsində Avropa İttifaqı ilə  Azərbaycan arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi bütün məqamları özündə ehtiva edir.  Tarixi Zəfərimizdən sonra Avropa İttifaqının ölkəmizlə münasibətləri, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə  hazır olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə üçtərəfli görüşün keçirilməsi və sair kimi mühüm addımlar postmünaqişə dövrünün əsas  reallıqlarının təqdimatıdır. Ötən ilin dekabrında  Brüsseldə sülh gündəliyinin əsası qoyulmuşdur. Aprelin 6-da keçirilən  görüş Brüssel gündəliyinin əsas tərkib hissəsi kimi dəyərləndirilir.”

Bu fikirləri Yeni Aərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatıın sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki,  üçtərəfli əsasda 4 saat yarımdan artıq davam edən görüşün  nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın: “İki ölkənin Xarici İşlər Nazirlərinə  bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Məlum olduğu kimi bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh müqaviləsində əsas şərtlərdən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsidir. Tarixi Zəfərimizdən  bir ildən artıq  vaxt keçməsinə baxmayaraq Ermənistanın hələ də sülh təklifinin imzalanması ilə bağlı tərəddüdləri diqqətdən kənarda qalmır.  Ermənistan  ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa olunnmasında maraqlı olduğunu  hər bir bəyanatında ifadə edir. Amma istər ötən ilin dekabrın 14-də, istərsə də  aprelin 6-da keçirilən görüşlərin sonunda qəbul olunan bəyanatda Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in  Minsk qrupunun həmsədrlik institutuna istinad olmayıb.  Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub və yeni səhifə açılıb. Minsk qrupunun vasitəçiliyinə gəldikdə isə  1992-ci ildə  münaqişənin həllinə vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə  yaradıldığı  gündən qurum  vəzifəsinin nədən ibarət olduğunu  dərk etmək istəmədi. Təbii ki, bunun səbəbləri var idi.  Vasitəçi  tərəf tuta bilməz. Neytral mövqedə dayanaraq məsələnin ədalətli həllinə öz dəstəyini göstərməlidir. Amma 30 ildə Azərbaycan tamamilə fərqli bir mənzərənin şahidi oldu.  ATƏT-i Minsk qrupunun həmsədrləri işğalçını adı ilə çağırmağın münaqişənin həllinə maneə ola biləcəyini bildirərək,  açıq-aşkar Ermənistana dəstək missiyasını yerinə yetirdi. Qurumun fəaliyyətsizliyi, tərkibinin dəyişdirilməsi məsələsi daim gündəmin əsas müzakirə mövzularından olub.  Azərbaycan 44 günlük  Vətən müharibəsinin getdiyi dövrlərdə də ATƏT-in Minsk qrupunun ikili standartlara  əsaslanan siyasətinin şahidi oldu. Artıq  münaqişə həll olunub, Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə    ərazi bütövlüyümüzü təmin edib,  işğala son qoyub. Bu gün postmünaqişə dövrünün reallıqlarının  həyata keçirilməsinin zamanıdır.  Azərbaycan  ATƏT-in Minsk qrupundan postmünaqişə dövrü ilə bağlı    yeni təklif gözləsə də bunun da mümkünsüzlüyü göz önündədir. Belə olan təqdirdə  onun  uğursuz vasitəçilik missiyasını yenidən bərpa etməyə ehtiyac varmı? 44 gündə işğala son qoyaraq münaqişəni özü həll edən Azərbaycan üçün ATƏT-in Minsk Qrupu lazımsız təsisatdır. Artıq bu qurum tarixin arxivində yer alıb.

Avropa İttifaqının dəstəyi ilə  Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.”

YAP Xətai rayon  təşkilatının sədri vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilən bəyanatda  tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur: “Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Digər tərəfdən postmünaqişə dövrünün əsas məsələlərindən biri işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin təmin olunmasıdır ki, bu da həmin torpaqlarımızın minalardan təmizlənməsinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan tərəfi işğalçı Ermənistandan bu ərazilərin mina xəritələrinin verilməsini tələb etsə də, təqdim olunan iki  xəritənin dəqiqliyi özünü doğrultmadı. Dövlət başçısı İlham Əliyev, həmçinin keçirilən görüşlərdə  itkin düşmüş şəxslərin tapılması məsələsini də gündəmə gətirir. Bəyanatda  Avropa İttifaqının  minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Qurumun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, regionda etimad quruculuğunun həyata keçirilməsində maraqlı olması, üçtərəfli görüşlərin təşəbbüskarı kimi çıxış etməsi təqdir olunur. Əsas olan budur ki, Avropa İttifaqı qərəzsiz tərəfdir. Hər iki tərəfin-Azərbaycan və Ermənistanın quruma etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir məsələnin həllində vasitəçi, yaxud təşəbbüskar kimi çıxış edən tərəf neytrallığı qorumalı, hər iki  tərəfə münasibətdə ədalət meyarını əsas götürməlidir. Reallıq budur ki, Azərbaycan öz tarixi torpaqlarına qovuşub.  30 il Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistana  dünya güclərinin təzyiqlər göstərməməsi, sanksiyalar tətbiq etməməsi onun daha böyük iddialarla  yaşamasına səbəb olmuşdur. Yeni ərazilər uğrunda  müharibə planını gerçəkləşdirmək məqsədilə Ermənistanın 2020-ci ilin sentyabrın 27-də həyata keçirdiyi təxribat da bunun təsdiqi idi. Nəticədə əks-hücum əməliyyatına başlayan  Azərbaycan Ordusu öz torpaqlarında  döyüşdü, işğala son  qoyaraq düşməni  bu ərazilərimizdən qovdu, üçrəngli bayrağımızın dalğalanmasına nail oldu.  Bu gün işğalçı Ermənistanın qarşısında dayanan əsas tələb  sülh müqaviləsini imzalamaqla, regionda  təhlükəsizliyin təmin edilməsi,  kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Dövlət başçısı İlham Əliyevin Brüssel səfərindən öncə ABŞ-ın  Dövlət Katibi Antoni Blinkenin dövlət başçısına  zəngi də bir çox məqamlara işıq salır. Telefon danışığı əsnasında Antoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirmişdir. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini açıqlamışdır.”

V.Rəhimzadə  diqqəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  üçtərəfli görüşün yekunları ilə bağlı  jurnalistlərin suallarına cavabına yönəldərək bildirib ki, qurum rəsmisinin “Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf  Avropa İttifaqı üçün  olduqca mühümdür.  Ona görə də biz bütün  müsbət səyləri,  etimadyaratma  tədbirlərini dəstəkləməklə  məşğuluq  və bu gecə  böyük bir irəliləyişə  nail olduq” cavabı hazırkı və sonrakı proseslərin aydın mənzərəsini yaradır: “Ümumilikdə hər bir görüş Azərbaycanın diplomatik qələbəsinin  təqdimatıdır. Artıq Ermənistan, həmçinin dünya gücləri sülh müqaviləsinin imzalanması ilə bağlı istəklərini ortaya qoyaraq bu istiqamətdə dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin müzakirəsinə başlayıb. Son Brüssel görüşü də təsdiqləyir ki, Avropa İttifaqı da 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır”.