YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Brüsseldə istədiyini əldə etdi

“Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycanın strateji diplomatiyasının növbəti uğuru, eyni zamanda postmüharibə reallıqlarının dünyaya qəbul etdirilməsi hadisəsidir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, beynəlxalq münasibətlər sistemi həddindən artıq mühafizəkar və eqoistdir. Yaradılan yeni reallıq hər nə qədər beynəlxalq hüquqa uyğun olsa belə onu qəbul etdirmək çox çətin olur. Bu isə beynəlxalq münasibətlər sistemini təyin edən güc mərkəzlərinin paralel nizam yanaşması ilə əlaqədardır”. Bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu paralel nizama əksər hallarda ikili standartlar siyasəti də deyirik: “Yəni əsas aktorların maraqlarına uyğun olan problemlər beynəlxalq hüquqa uyğun olmasa belə o problemlərin mövcud olmasına və hətta davam etməsinə qlobal güc mərkəzləri dəstək olurlar. Qarabağla bağlı vəziyyət də belə idi. Ancaq Azərbaycan bu məsələni həll etməklə dünyanın güc mərkəzlərini fakt qarşısında qoydu və imperialist mərkəzlərin bu reallığı qəbul etməkdən başqa çarələri qalmadı”.

“Brüsseldə keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında əksini tapan məsələlər də postmüharibə mərhələsi üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə söykənir. Bu baza prinsipləri beynəlxalq hüquqa və Azərbaycanın maraqlarına tamamilə uyğundur. Qeyd etmək lazımdır ki, hələ 2021-ci ilin dekabr ayının 14-də keçirilən üçtərəfli görüşdə əslində məhz bu prinsiplər əsasında mümkün gündəm müəyyən olunmuşdu. Yəni artıq postmüharibə mərhələsində qalıcı sülh üçün yeni danışıqlar platforması kimi qəbul edə biləcəyimiz Brüssel-Bakı-İrəvan xəttinin əsasları həmin vaxt qoyulub. Hazırda isə bu əsaslarda sülh danışıqlarını irəli aparmaq üçün mexanizmlərin yaradılması baş verir. Burada önə çıxan əsas məsələlərdən biri xarici işlər nazirlərinin birbaşa əməkdaşlıq etməsinin nəzərdə tutulmasıdır ki, bu nəticə əldə etmək üçün olduqca çevik və səmərəli formadır. İkincisi, aprel ayının sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı uyğun komissiyanın yaradılmasıdır. Eyni zamanda hazırda sərhədlərdə mövcud olan reallığın toxunulmazlığıdır. Bu isə o deməkdir ki, erməni tərəfi “Qaragöl” və Kəlbəcər istiqamətində əvvəlki iddialarından geri çəkilib, ya da onu qəbul etdirə bilməyiblər”. – deyə Milli Məclisin deputatı vurğulayıb.

Deputat qeyd edib ki, başqa mühüm bir məsələ isə bəyanatda və danışıqlarda ATƏT və onun Minsk Qrupunun ümumiyyətlə xatırlanmaması, əvəzinə isə hər iki tərəfin etimad etdiyi Avropa İttifaqının danışıqları himayə etməsi gerçəkliyidir: “Bu da özlüyündə tamamilə yeni və səmərəli bir format yaradır. Hər hansı status əsla xatırladılmır, tam əksinə regionda yaşayan bütün insanların rifahı naminə sülhə ehtiyac olduğu vurğulanır və nəhayət kommunikasiyaların, o cümlədən avtomobil-nəqliyyatı kommunikasiyasının açılmasının zəruriliyi qeyd edilir. Yəni bəyannamədə alqışlanılan dəmir yolu xətti ilə bərabər avtomobil yolunun açılması zərurəti də öz əksini tapır. Əgər minaların təmizlənməsi, itkin düşən insanların taleyinə aydınlıq gətirilməsi kimi humanitar paketə daxil olan məsələləri də nəzərə alsaq deyə bilərik ki, Azərbaycan Brüsseldə istədiyini əldə etdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə şəxsi zəmində olan qarşılıqlı etimada söykənən münasibətləri və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq münasibətləri kontekstində baş tutdu”.