YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz sərhəd tanımayan bəşəri bayramdır

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Novruz sərhəd tanımayan, türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır.

Novruz zəngin nemətlər beşiyi hesab edilən ana torpaqla daim sıx ünsiyyət yaradan insanların qarlı-çovğunlu qışın qoynundan sıyrılıb bolluq və bərəkət fəsli olan yazın günəşli astanasına qədəm qoyduğu yeni günün başlanğıcıdır. Əski türk miflərindən və qədim müsəlman rəvayətlərindən çağdaş dövrümüzə qədər gəlib çatan məlumatlara görə, yaranış tarixi ilk insan övladının dünyaya gəldiyi gündən hesablanan, siyasi və dini düşüncələrlə heç bir əlaqəsi olmayan ümumxalq bayramının əsas qayəsi bolluq və firavanlıqdır, cəmiyyətdə ictimai bərabərliyi tarazlaşdırmaqdır. Ziddiyyətləri aradan qaldırıb ayrı-seçkiliyə son qoymaq, insanları yaxşılığa, həmrəyliyə səfərbər etmək, onların mənəvi tərəqqisinə və əxlaqi təkamülünə nail olmaqdır.

Ən qədim vətəni Azərbaycan olan Novruz bayramı elə bir zəngin xəzinədir ki, bəşəriyyətə bundan qədimi və bundan möhtəşəmi hələ məlum deyil. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan bu bayram Yaradılış, İnsanlıq, Mənəviyyat, Sülh və Humanizm bayramı kimi dünya xalqlarının mədəniyyət xəzinəsində ən önəmli yerini saxlayır.

Sovet imperiyası dövründə üzərinə "dini bayram" damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulduğu Novruzun - bu əsrarəngiz bahar bayramının uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd olunmasına start verilməsi o vaxt ölkəmizin rəhbəri seçilən ümummilli lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, cahanşümul mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz məhəbbətinin əyani nümayişinə çevrildi. Azərbaycanın müstəqillik dövründə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı yenidən milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı.

Azərbaycanı dünyanın çiçəklənən sivilizasiyalı dövlətlərindən birinə çevirmək arzusu ilə yaşayan Heydər Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərdə ölkədə gedən bütün ictimai-siyasi prosesləri təhlil edir, böyük quruculuq işlərini, xalqın həyat səviyyəsinin yüksəlişini önə çəkirdi. Ulu öndər Novruz şənliklərində xalqın bütün təbəqələri ilə bir yerdə iştirak edir, onlarla xoş ünsiyyətdə olurdu.

Ümummilli lider Heydər Əliyevin bəşəri ideyalarının layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev də yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını yüksək dəyərləndirdi. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.

Ölkə rəhbərinin prezidentlik fəaliyyətinin hər ili zəngin nailiyyətlərlə müşahidə olunur. İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qazanılan Qələbə Azərbaycanın 200 illik tarixi ədalətsizliyi aradan qaldırmasını təmin edib. İndi Azərbaycan Zəfər marşındadır – irəliyə doğru addımlayır!