YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Azərbaycan Avropa Birliyi ilə birlikdə 5 il ərzində Cənub Qaz Dəhlizinin yaradılması istiqamətində böyük işlər görəcəkdir

Azərbaycan Avropa Birliyi ilə birlikdə 5 il ərzində Cənub Qaz Dəhlizinin yaradılması istiqamətində böyük işlər görəcəkdir. Bu sözləri energetika naziri Natiq Əliyev jurnalistlərə müsahibəsində demişdir.

Nazir bildirmişdir ki, bu layihələr sırasına daxil olan “Şahdəniz” layihəsinin tam miqyaslı işlənilməsi çərçivəsində iki platforma tikiləcəkdir.

N.Əliyev qeyd etmişdir ki, Cənubi Qafqaz boru kəməri Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər genişləndirilməlidir. Kəmərlə bağlı mühəndis işləri təhlil olunmuş, Dövlət Komissiyası tərəfindən bəzi qərarlar qəbul edilmiş, maliyyələşmə məsələsi həllini tapmışdır.

O, bildirmişdir ki, ən mühüm layihələrdən biri də Trans-Anadolu kəmərinin (TANAP) tikintisidir. Bu layihədə operator Azərbaycandır, ölkəmiz maliyyələşmənin əsas hissəsini öz üzərinə götürmüşdür. Həm Azərbaycan, həm də Türkiyə hökuməti tərəfindən vaxtlı-vaxtında qərarlar qəbul edilir, köməkliklər göstərilir. Hansı çətinliklər varsa, operativ həll olunur. TANAP çox mürəkkəb layihədir, Türkiyənin ərazisində həm qurudan, həm də dənizdən kəmər keçəcəkdir. Bunun üçün layihələr hazırlanmışdır. Boru və digər ləvazimatlarla bağlı artıq sifariş verilmiş, hazırlıq işləri görülmüşdür. İnanıram ki, TANAP layihəsi vaxtında istifadəyə veriləcəkdir.

Energetika naziri Trans-Adriatik boru kəmərinin (TAP) də mühüm olduğunu qeyd etmişdir. Bu kəmər Adriatik dənizinin dibi ilə İtaliyaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. Bu layihələr 5 il ərzində həyata keçiriləcək və bu illər ərzində Avropanın enerji xəritəsi dəyişəcəkdir.

N.Əliyev qeyd etmişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisinin mübadiləsini həyata keçirmək üçün işçi qrupu yaradılmış, idxal, ixrac həcmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılır. Azərbaycanda bu enerji dəhlizi ilə bağlı zəruri işlər həyata keçirilmişdir. Gürcüstan və Türkiyədə isə bu istiqamətdə işlər aparılmaqdadır.

Nazir, Rusiya-Azərbaycan-İran enerji dəhlizinin də yaradılacağını, bununla bağlı ötən il Volqoqradda Rusiya və Azərbaycan arasında müvafiq müqavilənin imzalandığını xatırlatmışdır.