YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Liderimizin irsi milli sərvətimizdir!

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyəti var. Həmin şəxsiyyətlər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye sahələrində inqilabi uğurlar əldə edilməklə yanaşı, İttifaq səviyyəsində ciddi göstəricilərlə ölkəmiz qabaqcıl yerə çıxa bildi. Aqrar sənaye və kənd təsərrüfatında misli görünməmiş uğurlar qazanıldı, ölkənin siması büsbütün dəyişməyə başladı, yüngül sənaye sahəsində ənənəvi istehsal sahələri ilə yanaşı, yeni müəssisələrin yaradılması nəticəsində böyük uğurlar qazanıldı, mədəniyyət və incəsənət sahəsində böyük inkişaf mərhələsi başladı, elm və incəsənət adamlarına xüsusi həssaslıqla yanaşan Ulu Öndər onları öncül mövqedə tutdu, bir çox mədəniyyət və ədəbiyyat xadimlərinin heykəlləri ölkənin müxtəlif yerlərində qoyulmağa başladı, eyni zamanda bu sahənin xadimlərinə xüsusi münasibət göstərərək onlara həssaslıqla yanaşaraq, böyük hörmət və ehtiram göstərildi. Təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi. Artıq ölkəmiz bütün sahələrdə Sovetlər Birliyində ən yüksək inkişaf səviyyəsinə çatmış və bütün göstəricilərlə inamlı şəkildə inkişaf edirdi.

1990-cı ilin yanvarında keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq, dinc etirazçılara qarşı Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələndi. Əfsuslar olsun ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq, Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Ulu Öndər Bakıdan Naxçıvana getdi və yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi.

Ulu öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyası yaradıldı. Ulu Öndərin müstəqilliklə bağlı qətiyyətli addımları nəticəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrildi. YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olmaqla, həm də geniş platformalarda özünün siyasi çəkisini əhəmiyyətli şəkildə artırdı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.

1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. Bir sözlə, ölkəmiz beynəlxalq təcriddən çıxdı. Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrini ictimai rəyə aşılanmasına nail olmuşdur.

1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Bununla yanaşı ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi etibarlı tərəfdaş xarakteri aldı. Dünya birliyində Heydər Əliyev amili milli maraqlarımızın təminatçısı rolunda inanılmaz inkişaf yolu keçdi. Ölkəmizə böyük sərmayələr qoyulmağa başladı, ordu quruculuğuna başlanıldı, kadrların hazırlanması istiqamətində ciddi işlər aparıldı.

1993-2003-cü illər ölkəmiz üçün milli dövlətçiliyimizin qurulmasında təməl prinsipləri özündə əks etdirən bütün zəruri addımları atan Ulu Öndər bugünkü çiçəklənən Azərbaycan adlı özünün şah əsərini bizlərə əmanət etdi. Müstəqillik və dövlətin milli maraqları Ulu Öndər siyasətinin əsasını təşkil etmişdir. Bu gün də hər birimiz üçün Heydər Əliyev siyasi məktəbi milli dövlətçiliyimizin əsasını təşkil etməklə yanaşı, həm də bu irsin qorunub gələcək nəsillərə ötürülməsi baxımından üzərimizə böyük məsuliyyət qoyur. Ulu Öndərin siyasi irsi milli məfkurəçiliyimizin əsası olmaqla bərabər, həm də dövlət maraqlarımızın təminatı baxımından misilsiz ibrət məktəbidir. Məhz Ulu Öndərin müdrik və uzagörən siyasəti nəticəsində Azərbaycanın enerji və nəqliyyat sisteminin şaxələndirilməsi strategiyası zərgər dəqiqliyi ilə hesablanmış, gələcəyə yönəlik strateji addımların nəticəsini bu gün müfəssəl şəkildə görə bilirik. Artıq ölkəmiz regionda deyil, həm də Avrasiya bölgəsində ciddi qəbul edilən bir çox qlobal xarakterli nəqliyyat xəttinin keçdiyi dünya ticarət yollarının ən sərfəli qovşağına çevrilib. Bu meqa layihələrdə iştirak etmək üçün maraqlı olan ölkələrin sayı durmadan artmaqdadır. Bu gün ölkəmizin gələcəyi elə bir inkişaf səviyyəsində olmalıdır ki, bizim müstəqilliyimiz möhkəmlənsin, dövlətimizin qüdrəti artsın və xalqımız təhlükəsiz və firəvan şəkildə yaşasın.

Bu illər ərzində bütün səylərimizi birləşdirərək ərazi bütövlüyümüzün bərpası istiqamətində yorulmaz fəaliyyət nəticəsində möhkəm hüquqi bazanı formalaşdıra bildik. Mənəvi olaraq haqq və ədalət tərəfimizdə olsa da, dünyada güc amilinin nə qədər önəmli və əsas şərt olduğunu əyani surətdə görə bildik. Məhz Ulu Öndər siyasətinin məntiqi nəticəsi kimi, tarixi ədaləti bərpa etdik. Ali Baş Komandan ətrafında birləşərək Xalq-Ordu birliyinin sayəsində əzəli torpaqlarımızda suverenliyimiz bərqərar edildi. Vətən müharibəsində parlaq qələbə bizim qürur mənbəyimizdir. Qeyd edək ki, yetişməkdə olan gənc nəsil, hansı ki, Qarabağı görməyən qəhrəman igid övladlarımız vətənə sevgi, torpağa bağlılıq və milli məfkurəçilik baxımından fədakarlıq göstərək tarixi nailiyyətlər əldə etdilər.

Artıq Azərbaycan regionda vəziyyəti əsaslı şəkildə dəyişə bildi və dövlətin milli maraqları baxımından yeni reallıqlar meydana gəldi. İlk növbədə qalib ruhunda maraqlarımızın təminatı qlobal xarakter almağa başladı. Belə ki, beynəlxalq münasibətlər sahəsində önəmli addımlar atıldı. Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzrə danışıqlarımız uğurla gedir və İttifaqın 9 ölkəsilə Strateji tərəfdaşlıq müqaviləsi imzalanıb, eyni zamanda Qoşulmama Hərəkatına üzv ölkələrlə münasibətlərimiz yüksək səviyyədə təşkil olunub və bu cür uğurlu siyasət davam etdirilir.

Siyasi dialoq və siyasi mühitin inkişafı, iqtisadi azadlıqların təminatı, dövlət tərəfindən sosial proqramların icra vəziyyəti bizim doğru yolda olduğumuzu göstərir və qarşıda Qarabağın bərpası istiqamətində atılacaq addımlar ölkəmizi daha da gücləndirəcəkdir. Şübhəsiz ki, hərbi qələbəmiz güc amilinin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi və bu bizim üçün də ciddi bir təcrübə hesab olunur. Biz artıq 21-ci əsrin müharibəsini apardıq və şanlı qələbə qazandıq, təbii ki, bu uğurlar bütün hərbi mütəxəssislər tərəfindən tədqiqat mövzusudur. Biz artıq növbəti əsrin Ordusunu qurmalı və müasir dünyanın ən üstün mövqelərinə çatmalıyıq.

Sonda qeyd edək ki, bütün bu tarixi nailiyyətlər mövcud iqtidarın məhz Ulu Öndər siyasətinə nə qədər sadiq olduğunu bir daha göstərir və bu yolun möhtəşəmliyini xalqımızın inkişafı baxımından ən düzgün və dəyərli bir siyasət olmasını qətiyyətlə sübut edir. Heydər Əliyev siyasəti xalqımızı qələbəyə daşımaqla, həm də zəngin bir irsin öyrənilib gələcək nəsillər üçün tarixi bir dərs kimi öyrənilməsi baxımından da əhəmiyyətlidir!