YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşad Mahmudov: Prezidentin islahatlar paketi idarəetmənin təkmilləşməsi və sosial rifahın yaxşılaşdırılması məqsədi daşıyır

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar paketinin əsas hədəfi ölkəmizin çağdaş dövrlə ayaqlaşması və Azərbaycan xalqının daha firavan həyatının təmin edilməsidir. Zaman keçdikcə dövlət başçısının imzaladığı və reallaşdırdığı mütərəqqi qərarların mühüm əhəmiyyətinin xalqın həyatında hiss olunması bunun bariz ifadəsidir. 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri də ölkə rəhbərinin islahat kursunun tərkib hissəsi idi. Prezidentin islahatlar paketi idarəetmənin təkmilləşməsi və sosial rifahın yaxşılaşdırılması məqsədi daşıyırdı.

Bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, köklü islahatların aparıldığı vaxt hakimiyyətin üç əsas qolundan biri olan qanunverici orqan kənarda qala bilməzdi: “Milli Məclisə keçirilən növbədənkənar seçkilər də qanunverici orqanın proseslərlə ayaqlaşması, yeni dövrə uyğunlaşması məqsədi daşıyırdı. Beləliklə, beynəlxalq nüfuzlu təşkilatların da etiraf etdiyi kimi, tam demokratik və şəffaf şəkildə ölkədə parlament seçkiləri reallaşdı. Siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı. Avropa İttifaqı da seçkilərin keçirilməsi ilə bağlı obyektiv bəyanat verərək Azərbaycan parlamenti ilə əməkdaşlığa hazır olduğunu bildirdi.

Seçkilərdən sonra VI çağırış Milli Məclisin strukturunda da ciddi dəyişiklik edildi. Belə ki, ilk dəfə olaraq müxalifət partiyalarının nümayəndələri parlamentin, eləcə də komitələrin rəhbərliyində təmsil olundu. Bu da Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, münasibəti sağlam məcrada gücləndirmək baxımından mühüm önəm daşıyırdı.  

Qeyd olunanlarla yanaşı, hazırda ölkədə həyata keçirilən islahatların həm konseptual, həm də struktur xarakteri yüksək əhəmiyyətə malikdir. Azərbaycan sosialyönümlu dövlətdir, atılan addımlar və reallaşdırılan bütün layihələrin mərkəzində şübhəsiz ki, insan amili dayanır. Bu, dövlətin qəbul etdiyi qərarlarda daha aydın nəzərə çarpır. Belə ki, minimum əməkhaqlarının, pensiyaların müntəzəm şəkildə artırılması, bununla yanaşı, şəffaflıq prinsipinin əsas tutulması buna bir daha sübutdur.

Ölkənin inkişafı üçün vacıb şərt olan milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində də bütün sahələrdə səmərəli addımlar atılıb, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, siyasi sabitliyin ölkəmizdə bərqərar olması ilə bağlı ciddi uğurlar qazanılıb.

Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq arenada da dövlət nüfuzunun gücləndirilməsi, milli maraqların qəbul etdirilməsi yönündə uğurlu siyasi kurs yürüdür. Bu sahədə bir neçə istiqamətdə dövlətimizin diplomatik uğurunu xatırlatmaq yerinə düşər. Məsələn, türkdilli dövlətlərin əməkdaşlığı sahəsində Azərbaycan önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Bu da sözügedən quruma üzv ölkələrin üçdəbir hissəsini təşkil edir.

Qonşu ölkələrlə qurulan münasibətlərdə də dostluq amili əsas yer tutur. Azərbaycan, eyni zamanda, İslam dünyasında da böyük nüfuza malikdir. Respublikamızın beynəlxalq siyasəti situativ yox, strateji xarakter daşıyır.

Bu gün Azərbaycan 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının üzvü və bu Hərəkata sədrlik edən dövlətdir. Azərbaycanın hazırda da sədr kimi irəli sürdüyü təşəbbüslər, görülən işlər bu təşkilatın beynəlxalq nüfuzunu böyük ölçüdə gücləndirir”.

Rəşad Mahmudov sonda qeyd edib: “Göründüyü kimi, Azərbaycan dünyanın qlobal arenanın bütün siyasi qütblərinin əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədir və bütün bunlar məhz Prezident İlham Əliyevin həyata keçirdiyi dərin stategiyanın məntiqi nəticəsidir. Belə bir ugurlu siyasi xəttin isə Azərbaycanı bölgənin lider dövlətindən dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaracagına şübhə doğurmur”.