YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası ötən bir il ərzində davamlı və yaddaqalan addımlar atıb

“Bu gün inkişafına görə regionun lider dövləti olan Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır. Bu da səbəbsiz deyil. Belə ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi zamanı düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımız işğaldan azad edən rəşadətli ordumuz Zəfər dastanını yazdı. Heç şübhəsiz ölkəmizin bu uğurunun, bu tarixi Zəfərinin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Azərbaycanı hər keçən gün yeni-yeni uğurlara aparan bu siyasətin reallaşdırılmasında Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının (YAP) da müstəsna xidmətləri danılmazdır: “Daim yeniləşən, sıralarında ölkənin tanınmış simalarını, fəal gəncləri birləşdirən, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası hazırda cənab Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini uğurla davam etdirir. Onu da qeyd edim ki, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın bütün tədbirləri, bütün qurultayları öz əhəmiyyətinə görə hər zaman yerli və xarici müşahidəçilərin diqqət mərkəzində olub. Bu baxımdan partiyamızın ötən il martın 5-də keçirilən VII qurultayı xüsusi olaraq fərqləndi”.

V.İskəndərov deyib ki, bu da səbəbsiz deyil. Çünki YAP-ın VII qurultayı Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edirdi: “Bildiyimiz kimi 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayda çıxış edən YAP-ın Sədri, Prezident İlham Əliyev ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd  etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdı. Həmçinin cənab Prezident İlham Əliyev qurultayda yeni dövrdə partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirmiş, onların həyata keçirilməsi üçün tapşırıq və tövsiyələrini vermişdi”.

Deputat vurğulayıb ki, bu tapşırıq və tövsiyələrdən irəli gələrək partiyanın ötən bir il ərzində davamlı və yaddaqalan addımlar atıb. Bu addımlar, qəbul edilın qərarlar isə YAP-ın istər struktur baxımından daha da mütəşəkkil bir siyasi təşkilata çevrilməsi, istərsə də partiyanın beynəlxalq əlaqələrinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Vüqar İskəndərov qurultayın həm də partiyanın struktur baxımından yenilənməsi və 6 partiyanın YAP-a qoşulmaları barədə qərar vermələri baxımıdan da yaddaqalan olduğunu deyib. Onun sözlərinə görə, bu həm də ölkədə reallaşdırılan siyasi dioaloq və həmrəylik siyasəti istiqamətində atılmış növbəti mühüm addım idi: “Ümumiyyətlə, danılmaz həqiqətdir ki, siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Azərbaycan iqtidarı da müxtəlif təşəbbüslər vasitəsilə ölkədə siyasi dialoq mühitinin daha da inkişaf etdirilməsinə yol açır.Təbii ki, bu kontekstdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatların əhəmiyyətini xüsusi olaraq vurğulamalıyıq. Çünki bu islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Bu islahatlar Azərbaycan iqtidarının siyasi dialoqun davam etdirilməsində maraqlı olduğunu təsdiqləyir. Yeri gəlmişkən, Prezident İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında dialoqun davam etdirilməsinin vacibliyini bir daha vurğulamışdı”.

“Bu gün birmənalı olaraq qeyd edə bilərik ki, Prezident İlham Əliyevin dialoq siyasəti YAP-ın fəaliyyətində öz inkişafını tapır. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir”, -deyə, deputat sonda qeyd edib.