YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TASS-da keçirilən görüş Azərbaycan həqiqətlərinin, regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir

“44 günlük Vətən müharibəsindən sonra regionumuzda yeni vəziyyət yaranıb. Yeni reallıqları dünya ölkələri də qəbul edir. Bununla belə hələ də ermənilər və onların xaricdəki havadarları Azərbaycana qarşı kampaniya aparırlar. Ona görə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi davam etdirilməlidir. Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü də Azərbaycan həqiqətlərinin, regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında informasiya mübarizəsi davam edir. Bu mübarizədə biz haqlı tərəf olaraq öz mövqeyimizi dünyaya çatdırmalıyıq. Ermənistan isə ölkəmizə və xalqımıza qarşı qara piar kampaniyasını davam etdirir. TASS agentliyində görüş zamanı erməni mənşəli jurnalistin Prezidentimizə ünvanladığı qərəzli sual da buna sübutdur. Amma dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ona tutarlı cavab verdilər.

F.Yıldırımın sözlərinə görə, ermənilərin etnik ayrı-seçkilik məsələlərindən danışmağa haqları yoxdur: “Tarix boyu ermənilər azərbaycanlılara qarşı qətliamlar törədib. Bu gün 30-cü ildönümünü böyük acılarla qeyd etdiyimiz Xocalı soyqırımında uşaqlar, qadınlar, qocalar, bir sözlə dinc əhali vəhşiliklə qətlə yetiriliblər. Bunu törədən ermənilərdir. Belə olan halda erməni jurnalistin etnik ayrıseçkiliyə görə Azərbaycanı ittiham etməsi tamamilə əsassızdır. Guya o bilmir ki, azərbaycanlılar da Ermənistana səfər edə bilmir? Bugünlərdə deputatımızın İrəvana səfəri zamanı təşkil edilən etiraz aksiyalarından xəbəri yoxdur? Əgər onların təhlükəsizliyi təmin olunmasaydı, vəziyyət necə olardı? 1988-89-cu illərdə Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlı doğma torpaqlarından qovulub. Azərbaycanda isə 30 minə yaxın erməni yaşayır. Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir və orada erməni dilində 5 mindən çox kitab saxlanılır. Bütövlükdə, Azərbaycan çoxmillətli, tolerant dövlətdir. Bizim ölkəmizdə bütün xalqların nümayəndələri mehriban şəraitdə yaşayırlar”.

“Həmin jurnalist öz qrupu ilə ölkəmizə dəvət olundu. Onlar səfər etsələr 30 illik işğal dövründə ermənilərin törətdiyi vəhşiliyin şahidi olacaqlar. Görüşdə Ağdam şəhəri nümunə göstərildi. Bu şəhər tamamilə dağıdılıb. Amma dövlətimiz hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri həyata keçirir. Ötən il və bu il büdcədən bu məqsədlə 2.2 milyard manat vəsait ayrılıb. Artıq Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin baş planları işlənib hazırlanıb, digər şəhərlərin də baş planları yaxın vaxtlarda təsdiqlənəcək. görülən işlər qürurvericidir. Bütün dünya Qarabağın dirçəlişinin şahidi olacaq”, - deyə deputat vurğulayıb.