YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında Dağlıq Qarabağ məsələsi gündəliyə ayrıca məsələ kimi daxil olunmasa belə, Ukrayna məsələləri kontekstində mütləq müzakirə olunacaq

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü illik sessiyasının gündəliyinin dəqiqləşdirilməsi ilə bağlı işlər gedir: "Bir qayda olaraq sessiyada ATƏT-in 3 səbəti üzrə, yəni 3 istiqamətdə müzakirələr aparılır. Həm komitələrdə, həm də plenar sessiyada ötənilki İstanbul bəyannaməsinin yerinə yetirilməsi ilə bağlı işlərə dair hesabatlar dinləniləcək, 2015-ci il avqustun 1-də Helsinki Yekun Aktının qəbulunun 40-cı ildönümü ilə əlaqədar məsələlər müzakirə ediləcək. Qeyd edim ki, son illərin sessiya və müzakirələri məhz "Helsinki+40" formatında aparılır. Sonda isə Bakı Bəyannaməsi qəbul olunacaq".

Onun sözlərinə görə, sessiyada Ukraynada baş verənlərlə bağlı ayrıca qətnamənin qəbul olunacağı gözlənilir: "Hazırda Ukraynada baş verən hadisələrə görə ATƏT regionunda çox gərgin mühit yaşanır. ATƏT-in yay sessiyasında Ukrayna ilə bağlı ayrıca müzakirələr olacaq. Bununla əlaqədar müvafiq sənədin qəbulu da gözlənilir".

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Ukrayna məsələsinin müzakirəsinin dondurulmuş münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsini də gündəmə gətirəcəyini açıqlayıb: "Son vaxtlar ATƏT-in Minsk qrupu həmsədrlərinin həm bəyanatlarında, həm də açıqlamalarında müəyyən fəallaşma hiss olunur və status-kvonun qəbuledilməzliyi daha uca səslə söylənilməyə başlayıb. Ona görə də bu kimi məsələlərin də müzakirə predmeti olacağını düşünmək olar. Dağlıq Qarabağ məsələsi gündəliyə ayrıca məsələ kimi daxil olunmasa belə, Ukrayna məsələləri kontekstində mütləq müzakirə olunacaq".

Qeyd edək ki, ATƏT PA-nın 23-cü illik sessiyası Bakıda iyunun 28-dən iyulun 3-nə kimi keçiriləcək.