YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Vətən müharibəsi qəhrəmanının barelyefi açılıb

Gəncədə Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Seyidzadə Mirhüseyn Miryunis oğlunun barelyefinin açılış mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra şəhidin barelyefi üzərindən örpək götürülüb, önünə gül dəstələri düzülüb.

Çıxışlarda şəhidin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Bildirilib ki, Vətən uğrunda canını fəda edən şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdırlar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasimdə, həmçinin məktəblilər Vətənə, qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər.

Sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Mirhüseyn Seyidzadə 2020-ci il oktyabrın 9-da Cəbrayıl uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə, “Laçının azad olunmasına görə” medalları və 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 3-cü dərəcəli “Rəşadət” ordenləri ilə təltif edilib.