YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidlərinin xatirə lövhələrinin açılışı olub

Bakıda Vətən müharibəsi şəhidləri Əfəndiyev Adil Qədir oğlunun və Məhərrəmov Fərid Asif oğlunun xatirə lövhələrinin açılışı olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhid Fərid Məhərrəmovun doğum günü münasibətilə Dədə Qorqud Şəhidliyində məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Daha sonra tədbir iştirakçıları Lütfi-Zadə küçəsi 97 ünvanında xatirə lövhəsinin  açılışına qatılıblar. Xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov  bildirib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı  qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik. Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq.

YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Hər birimiz onların həyat yolunu  təbliğ etməli, gələcək nəsillərin bu qəhrəmanlarımızı tanımaları, 44 gündə yazdıqları şanlı qəhrəmanlıq səlnaməsini dərindən öyrənmələri üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik”.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını bildiriblər.

Mərasimdə, həmçinin məktəblilər Vətənə, qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər.