YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“AITF-2015” sərgisində 40 ölkədən 350-dən çox şirkət təkliflərini təqdim edəcək

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aprelin 2-dən 4-dək Bakıda “AITF-2015” Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcək.
Nazirlikdən bildiriblər ki, yay mövsümü ərəfəsində başlayan və 14-cü dəfə reallaşacaq “AITF” sərgisi üç gün ərzində turizm sahəsi üzrə danışıqların aparılması, görüşlərin keçirilməsi, eləcə də fikir və təkliflərin mübadiləsi üçün mühüm məkana çevriləcək.
Təsis edildiyi gündən bəri fəal keçirilən “AITF” sərgisində bu dəfə dünyanın 40 ölkəsindən 350-dən çox şirkət 70 turizm istiqaməti üzrə öz təkliflərini təqdim edəcək. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və SPA prosedurları mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Sərgidə 18 ölkə milli stendlərlə iştirak edəcək. Həmçinin ölkəmizin 13 regionunun stendlərlə təmsil olunması nəzərdə tutulub.
“AITF” sərgisində Mədəniyyət və Turizm Nazirliyinə məxsus 40 kvadratmetr ərazidə stend qurulacaq. Stenddə nazirliklə yanaşı, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı şəhər turu, Şahdağ Turizm Mərkəzinin nümayəndələri köşklərlə təmin olunacaq.
“AITF" sərgisinə paralel olaraq, regionun otel və restoran sənayesinin yeganə ixtisaslaşmış sərgisi olan 9-cu Qafqaz Beynəlxalq “Otellər, restoranlar və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus-2015”) və 2-ci Xəzər Beynəlxalq “Katerlər və yaxtalar” (“CIBS-2015”) sərgisi də keçiriləcək.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Dünya Turizm Təşkilatı (DTT), Azərbaycan Turizm Assosiasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA) tərəfindən dəstəklənir. “AİTF-2015” sərgisinin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyadan tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.