YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: “Azərbaycanlıların soyqırımı haqqında” Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir

«Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Bu baxımdan, əlbəttə ki, imzalanan Fərmanın böyük əhəmiyyəti var». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, beynəlxalq aləmdə elə qüvvələr var ki, dünyada güclü türk-müsəlman dövlətinin olmasını istəmirlər. Onun sözlərinə görə, Azərbaycan bu regionun istər coğrafi baxımdan ən böyük ərazisi olan, təbii sərvətlərinə və  əhalisinin sayı baxımından ən böyük dövlətidir. Ona görə də, Azərbaycanın qüdrətli dövlət, söz sahibi olması bir sıra qüvvələrin marağında deyil.

«Amma Azərbaycan öz yolu ilə inamla gedir. Ümummilli liderimiz  Heydər Əliyevin müəyyənləşdirdiy siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət daim müstəqilliyimizi möhkəmləndirir, ölkəmizin nüfuzunu artırır. Biz nə qədər çox güclü olacağıqsa, hamı bizimlə hesablaşacaq. Ona görə də, strateji xəttimiz güclü dövlət olmaqdan ibarətdir. Və bu yolu da gedirik. Nəticələr isə ortadadır. Azərbaycan bir neçə il öncə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi, nüfuzlu Davos Forumunun üzvüdür. Eyni zamanda, dünyanın mötəbər  beynəlxalq tədbirləri ölkəmizdə keçirilir. Bu artıq Azərbaycanın nəinki regionda, dünyada güclü dövlətlər sırasına çıxmasını şərtləndirir. Əminəm ki, gec-tez Qarabağı, bütün işğal olunmuş torpaqlarımızı  azad edəcəyik, tarixi torpaqlarımıza sahib olacayıq. Bütün bunlardan ötrü güclü olmalıyıq. Millətimizin və dövlətimizin  potensialı bu hədəflərə çatmağa imkan verir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.