YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Qalib Azərbaycanın müzəffər gəncliyinin müstəqilliyin və dövlətçiliyin qorunmasında rolu və vəzifələri” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra konfrans iştirakçıları Azərbaycanda həyata keçirilən gənclər siyasətinə dair videoçarxa tamaşa ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Qarabağ Qaziləri ictimai birliyinin Nizami rayon şöbəsinin sədr müavini, Vətən Müharibəsi iştirakçısı Nicat Cəlilov, Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olub. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bütün bu proseslərdə Yeni Azərbaycan Partiyasının sıralarında olan 250 mindən artıq gənc də yüksək fəallıq nümayiş etdirib. Hətta, təsadüfi deyil ki, YAP bu gün Azərbaycanın siyasi palitrasında ən çox şəhidi, qazisi, müharibə veteranı olan siyasi təşkilatdır.

Əlavə olunub ki, bu gün gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olundular. Məhz, bu işdə də YAP-ın gəncləri xüsusi fəallıq nümayiş etdiriblər. Hətta, YAP-ın gəncləri ilk olaraq sosial aksiyalara start veriblər. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edib, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edib, bu mübarizəyə öz töhfələrini veriblər.

Vurğulanıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində işğaldan azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Çıxışlardan sonra bir qrup gənc fəxri fərmanlarla təltif olunub. Həmçinin, qazilərə və şəhid ailələrinin nümayəndələrinə Missiya Media Qrupunun hədiyyələri təqdim edilib.