YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı 20 Yanvar faciəsində əlil olan Pirallahı sakinlərini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev və Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Arzu Abdullayev 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Qanlı Yanvar hadisələrində əlil olan Pirallahı sakinlərini - Əliyev Gülağa Hacağa oğlunu və Əmirova Almaz Əzizağa qızını ziyarət ediblər.

20 Yanvar əlilləri ilə görüş zamanı Emil Abasov bildirib ki, Sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərlə divan tutulması xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”. Öz xalqına bağlılığın və sonsuz sədaqətin əyani təsdiqi olan həmin bəyanatda sovet rəhbərliyinin Azərbaycana qarşı törətdiyi qatı cinayət hüquqa, demokratiyaya, humanizmə zidd hesab edilir, eyni zamanda təkrarsız cəsarət hissi ilə sovet qoşunlarının dərhal respublikamızdan çıxarılması tələbi irəli sürülürdü. Sonralar da ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü elan olunması, bu faciədə şəhid olmuş insanların ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması kimi mühüm tədbirlərin həyata keçirilməsini təmin edib.

İsmayıl Əliyev 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri olduğunu söyləyərək qeyd edib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi müdaxilə isə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. O qanlı gecədə Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin xalqımızın iradəsini, yaranmaqda olan milli azadlıq hərəkatını boğmaq üçün törətdiyi qırğın və cəza tədbirləri nəticə etibarilə bu qanlı rejimin özülünü sarsıtdı. Bildirildi ki, torpaqlarının bütövlüyü yolunda şəhidlər verən xalqımız bu faciədən sonra milli azadlıq mübarizəsini davam etdirərək iki il keçməmiş müstəqilliyinə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.

Arzu Abdullayevin sözlərinə görə, 20 Yanvar qırğını və digər faciələr zamanı mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Xalqımız 20 Yanvar gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Ziyarət zamanı 20 Yanvar faciəsində əlil olan Pirallahı sakinləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.