YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa İli”nin elan edilməsi dünyanın diqqətini bir daha Qarabağa cəlb edəcək

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri səlahiyyətlərini icra edən

Azərbaycan Respublikasının Prezidenti. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2021-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə xalqa müraciətində 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında xalqa məlumat verdi. 5 yanvar 2022-ci ildə isə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı mətbuatda dərc edildi.

Bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Dəfələrlə işğala məruz qalmış, amma zəngin inkişaf yolu keçmiş Şuşa şəhəri Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Şuşa bu gün çoxsaylı yaralar alsa da, düşmən qarşısında əyilməyən, yaşlanıb taqətdən düşsə də, sabaha inamını itirməyən ulu insanı xatırladır.

44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də - 28 ildən sonra işğaldan azad etdi. Bununla da Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, şanlı tariximizə Zəfər Günü kimi həkk olundu.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada ötən bir il ərzində şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilmişdir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Qısa müddətdə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərdi ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Bəs “Şuşa İli”ndən nə gözləyirik? İlk növbədə onu qeyd etmək lazımdır ki, bütün xalqımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında “Şuşa İli”ndə şuşalıların qədim qala şəhərində məskunlaşmasına şahidlik etmək istəyir. Şuşanın yenə əvvəlki qaynar həyatına başlaması, yenə məktəblilərin yay tətilində Şuşadakı pansionatlarda istirahətinin təşkilini görmək hər bir Azərbaycan vətəndaşının arzusudur. Həmçinin, bir zamanlar Azərbaycanın konservatoriyası adlandırılan Şuşada Milli Konservatoriyanın fəaliyyətə başlaması, dünyanın tanınmış mədəniyyət xadimlərinin bu şəhərdə olmaları tarixi Azərbaycan torpağında həyata keçirilən işlərin dünyaya tanıdılması və təqdim edilməsi baxımından böyük əhəmiyyət kəsb edə bilər. “Şuşa İli”ndə yalnız Şuşa şəhərinə fokslanmamalı, həmçinin işğaldan azad edilmiş digər bölgələrimizin təbliği istiqamətində müvafiq tədbirlər reallaşdırılmalıdır.

Bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə məktəblilər üçün “Ölkəmizi tanıyaq” layihəsinə start verilmişdi. Bu kimi layihələr çərçivəsində şagirdlərin Şuşaya, eləcə də işğaldan azad edilmiş digər bölgələrimizə aparılması tarixi gerçəkliyi məktəblilərin öz gözləri ilə görməsi baxımından maraqlı olardı.